Vəfa borcu...

Ukraynalılar Antalyada küçələri təmizləyir

“Bu, bizim Türkiyəyə təşəkkürümüzdü”

   Müharibə dəhşətlərindən qaçaraq Türkiyəyə sığınan ukraynalı qaçqınların  Antalyada zibil toplaması sosial mediada gündəm olub. Həmin anları ukraynalı Katerina Semeriç “Türkiyəyə və türk xalqına qonaqpərvərliyə görə təşəkkür etmək istəyirik” sözləri ilə paylaşıb. Katerina 1 il əvvəl Antalyaya turist olaraq gəldiyini və burada dincəldiyini, indi isə qaçqın kimi bu ölkəyə sığındığını xatırladıb. Katerina Rusiya işğalı başladıqda yaşadıqları dəhşəti  “Milliyyet.com”a anladıb. Hazırda Türkiyədə ukraynalı qaçqınların sayı 60 minə yaxındır. 

Türkiyəyə sığınanlardan biri də Katerina Semeriçdir. Katerina 24 yaşındadır. Ukraynanın Çerkassı bölgəsindəndir. 8 il paytaxt Kiyevdə yaşayıb, ali təhsil alıb. 

Rusiya işğalının başlandığı 24 fevral gecəsi Katerina yeni mənzilinə köçməyinin sevincini yaşayırmış. Amma anidən hər şey dəyişib. Kabus başlayıb. 

Həyatı qaranlığa bürünüb. Katerina ailəsiylə bir yerdə olmaq üçün mənzildən çıxıb və valideynlərinin yaşadığı yerə gedib. Yol boyu hər tərəfdə xaos yaşandığını görüb. Qırıcı təyyarələr əhalinin başı üzərindən uçurmuş. 

Çox qorxub: “O anda bir əsgərlə göz-gözə gəldik. Ağladığımı gördü, mənə gülümsədi. Əlini sinəsinə qoyub ürək işarəsi göstərdi. Onun bu hərəkəti, “bəlkə bu əsgəri bir daha görməyəcəm” duyğusu məni daha çox ağlatdı”. Katerina qaçqınların bir qismi ilə Rumıniya sərhədini keçərək Türkiyəyə gəlib. Sərhədi keçdiyini Katerina belə anladıb: “O günlərdə hələ qaçqınlar çox deyildi. Yollar nisbətən boş idi. Sərhədi tez keçdik. Sərhədi keçəndə Vətənimin arxada qaldığını düşünüb özümü xain kimi hiss etdim”.  Katerina deyib ki, hazırda ailəsi də Türkiyədədir. Anası tarix müəllimidir. Atası isə orduya qatılmaq üçün Ukraynada qalıb. Nədən Türkiyəyə gəlib? Katerina Türkiyədə dostlarının olduğunu, bu ölkəni güvənli hesab etdiyini, ötən il isə Antalyada dincəldiyini xatırladıb: 

“Bizə yardım edən türk xalqına təşəkkür etmək istədik. Bu səbəbdən də Antalyada zibilləri toplamağa başladıq. Bu ölkə üçün faydalı bir iş görməyimiz məni sevindirir”.