Öz sistemini qurdu

Demək olar ki, pul xərcləmir

Ergin elektrik enerjisindən istədiyi kimi bol yararlanır

Türkiyənin Ordu bölgəsində yaşayan təqaüdçü imam Əhməd Ergin dərə kənarında qurduğu sistem sayəsində elektrik enerjisindən istifadəyə görə ödəniş haqqını 3/1-ə qədər aşağı sala bilib. “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, qurduğu sistem sayəsində Əhməd Ergin elektrik enerjisindən istədiyi kimi bol yararlanır, az miqdarda pul ödəyir. Əhməd Ergin 70 yaşındadır və Ordunun Qayabaşı məhəlləsində yaşayır. Ə.Ergin Qara dəniz Texniki Universitetini bitirib. 

Elektrik işindən, qurğulardan başı çıxır, yəni. Elektrik enerjisi haqqı yüksək olduğundan Ə.Ergin təqaüdünə qənaət edilsin deyə, yeni qurğu quraşdırmaq fikrinə düşüb. Əvvəlcə köhnə mallar satılan dükana gedib, oradan özünə lazım olanları ucuz qiymətə alıb. Evindən aşağıdakı dərədə elektrik enerjisi əldə edən sistem quraşdırıb. 

Bu sistem su ilə çalışır. Ə.Ergin deyib ki, yay aylarını çıxmaq şərtilə dərədə su həmişə boldur: “Mən də bu sudan istifadə etməyə qərar verdim. Bir sistem qurdum, suyu dərənin 220 metr hündürlüyündən ötürürəm, su təzyiqlə gəlir, mühərrik işə düşür və elektrik enerjisi verir. Bu qurğuyla lampa yanır, ətrafı işıqlandırır, televizora baxa bilirəm, soyuducu da bu elektriklə çalışır. 600-700 voltluq sistemlər üçündür. Ondan yüksəyini çalışdıra bilmir. 

Amma bu qurğu sayəsində elektrik enerjisi pulunu 3/1-ə endirmişəm, işıqlandırma isə 100 faiz artıb”, söyləyən Ə.Ergin daha geniş imkanları və bol su olsa evinin bütün elektrik ehtiyaclarını qarşılaya biləcəyini deyib.