Pişiklər bir-birinin, hətta sahibinin adını bilir

Yaponiya universitetində maraqlı tədqiqat işi aparılıb

   Yaponiyanın Kyoto Universitetində pişiklərlə bağlı maraqlı bilgilər əldə edilib. Universitetdə pişiklərin davranışları üzərində tədqiqat aparılıb. Tədqiqat nəticəsində məlum olub ki, bir evdə 1-dən artıq, 2 və ya 3 pişik bəslənirsə, pişiklər bir-birinin, eyni zamanda sahiblərinin də adını bilir. Bu barədə “NTV.com.tr”də məlumat verilir. 

Qeyd olunur ki, tədqiqat 48 pişik üzərində aparılıb. Pişiklər barədə adətən “eqoist” kəlməsi istifadə edilir, pişiklərin yalnız özünü sevən, öz mənfəətini güdən heyvan olduğu deyilir. Tədqiqat isə bunun əksini təsdiq edib. Araşdırmaçılar evlərdə və kafelərdəki bir neçə pişiyin davranışlarını müşahidə edib.  Hər pişiyə sahibinin başqa bir pişiyin adını çağırdığı səs yazısı dinlədilib, sonra da o pişiyin fotosu göstərilib. Evdə bəslənən 19 pişik sahiblərinin başqa bir pişiyin adını çağırdıqda və o pişiyin fotosunu göstərdikdə başını yana çevirib.  Başqa pişik adı çəkəndə isə gözləriylə fotolarda o pişiyi axtarıb. Tədqiqatçılar bu nəticəyə gəlib ki, pişiklər öz adlarını bildiyi kimi, bir-birilərinin və sahiblərinin də adını bilir. Elm adamları bunu rəqabətlə əlaqələndirir. Bir pişik sahibi onun adını çağırdıqda yemək ala biləcək duyğusuyla ona yaxınlaşır, lakin başqa pişiyin adı çəkilirsə, “məni çağırmırlar”, duyğusuyla yerindən tərpənmir. Pişiklər yemək zamanı adlarının çağırılmasına az reaksiya verir, tox olduqda isə daha tez reaksiya verirlər.