Şuşaya gedirəm, qızım!
Bu şəhər Allaha bir addım daha yaxındır
Qarabağın işğalı, bu təcavüzün 30 ilə yaxın davam etməsi hamımızda ağır travmalar, sarsıdıcı izlər buraxıb. Doğrudur, Qarabağ biz uşaq olanda düşmən tapdağı altına düşdü. Həmin dönəmdə bunu şüurlu şəkildə dərk edə bilmirdik. Uşaq idik, amma böyüdük. Anlatdılar. Anladıq.
Qarabağsızlıqla bağlı ən böyük travmanı elə uşaqkən Bakı metrosunda aldım.
Yəqin, xatırlayırsınız , metroda başışallı bir kişi dolaşırdı. Yaşıl yaylığının üstündəki ağ kağızın üzərinə “Qarabağ” yazılmış lent də bağlayırdı. Ta böyüyüb media sahəsinə qədəm qoyanda bildim adını: şair Bəşir Kəsərli idi. Metro vaqonuna girən kimi ilk sözü belə olurdu:
“Qeyrətli xalqın qeyrətsiz oğluyam! Gözəl şeirlər, qəzəllər müəllifiyəm! Ehtiyacdan öz kitablarımı satıram”.
Bu mənzərə ovqatımı elə təlx etdi ki, içimə böyük bir qaranlıq, gözlərimə zülmət çökdü. Sanki dərin fiziki, mənəvi kollaps yaşadım. Və bu hissi hər metroya düşdükdə, kimsə Bakıya ilk gəlişindən danışdıqda, yenidən yaşadım və ağrını köksümdə yaşatdım.
***
***
Xeyli vaxt əvvəlin söhbətidir, yazıçı Seyran Səxavətlə dərdləşirdik. Mövzu Qarabağdan düşdü və soruşdum:
-Usta, nə olacaq bu işləri axırı?
- Bala, dərd də namus kimidir, gərək özün çəkəsən – dedi.
İlahi, kədərin, iztirabın ağırlığına bax - Dərk və həzm etməyə çalışıram.
Seyran müəllim davam edir:
-Nə rus, nə fransız, nə ingilis, nə alman, nə amerikalı kimsə əvəzimizdən torpaq azad edən deyil, oğul. Bunu özümüz etməliyik, vəssalam!
Çox miskin mənzərə idi...Hə, o zaman bu fikir məni o qədər sarsıtmışdı ki, pessimizm iliyimə işləmişdi. Bu söhbətin tez bitməsini istəyirdim. Həzm edə bilmirdim. Namusunu qoruya bilməyən ölkə, xalq “ayaması” ilə yaşamağın məşəqqəti ağrıdırdı məni. Amma...
Şükür bu günə...
Niyə şükür?
Yağışlı bir səhər idi, telefonuma zəng gəlir. Zərif səsli bir xanım cihazın o başından yüksək ovqatla dillənir:
-MEDİA Agentliyindən narahat edirəm, sizə şad xəbərim var.
- Buyurun...
- Hazırlaşın, sabah Şuşaya gedirsiniz! Ətraflı məlumat veriləcək.
Nə baş verdiyini anlamadım, donub yerimdə qaldım, anlaqsız şəkildə cavab verdim:
-Sağ olun, təşəkkür edirəm. (Özümə gələndən sonra zəng edib, vəziyyəti izhar etdim və bir daha “Çox sağ olun” dedim)
Yerimdən tərpənmədim, sanki ayaqlarım kilidləndi. Bir az düşündüm, özümə sual etdim: -Ayyət, Şuşayamı?
Tez evə qayıtdım:
-Sabah Şuşaya gedirik.
-Nə? Şuşa? - 6 yaşlı qızımın ilk reaksiyası belə oldu.
-Bəli, qızım, Şuşa...
Məktəbdən verilən “Xarı Bülbül” “znaçok”unu (O simvol veriləndə demişdim, bu gül qələbəmizin simvoludur və yalnız Şuşada bitir, qızım. O üzdən Şuşa adı çəkilən kimi onu göstərir) gətirir:
-Ata, bura gedirsiniz?
- Hə, qızım...
Xatirə: Dayım Birinci Qarabağ döyüşlərində iştirak edib. Savaş gedən ərəfədə bir neçə saatlıq icazə alıb, evə gəlmişdi. Anam qardaşına isti əlcək, corab toxumuşdu. Dayım bizə ayaqüstü dəyib, əlcəklə, corabı götürüb döyüşə yollanmalı idi. Elə hazırlaşırdı ki, çıxsın, xəbər gəldi:
-Şuşa da işğal olundu. Dayımın, atamın əlləri əsirdi, çənələri söz tutmurdu. Dərdi dərilərində yaşayırdılar sanki...Uşaqlar adətən aramsız suallar verirlər axı. Mən də sualların ard-arasını kəsmirdim:
-Şuşaya nə olub?
-Atam bircə kəlmə dedi: -Qarabağın gərdək otağıdır, bala. Getdi...
Taleyə bax ki, atam mənə Şuşanın qəhər xəbərini, mənsə övladıma Şuşanın zəfər və səfər xəbərini verirəm.
Şükür bu günə!
Ona şükür ki, jurnalistlər “Azneft dairəsi"nə toplanmalı idi. Həmin gün evdə dedim ki:
-Mən tez yatım, yuxudan erkən oyanmalıyam Şuşaya görə...
Di gəl, ilan vuran yatdı, mən gözlərimi belə qırpmadım. Yata bilmədim. Uşaq kimi qorxurdum, yuxu tutar, səfərdən qalaram...
Gəlib, deyilən məkana çatıram və çiyni çantalı bir xanım görürəm. Hamıdan qabaq gəlmişdi. Yaxınlaşıram:
-Salam, jurnalistsiniz?
-Qaqa, Əntiqə Rəşiddi, avtobusu gözləyirəm, Şuşa, Şuşa, Şuşa....
Xeyli söhbətləşirik...
Nəhayət hamı toplaşır. Avtobuslar yola düzəlir.
Hələ ki, doğulduğum Qazaxa gedirmiş kimi hiss edirəm özümü. Xeyli yol qət etdik, yol kənarındakı “Füzuli Beynəlxalq Hava Limanı” yazılarını oxuyanda artıq ürəyim sinəmdə atmağa başladı. Yuxuda övladını əlləri ilə boğub, oyananda belə bir hadisənin baş vermədiyinə sevinən bir ata kimi sevinirəm. Və maşının aynasındakı pərdəni çəkib, gözümü yol kənarına dikirəm.
Gözlər dərinə işlədikcə sanki ağrının dozası da artır. Füzulidə şəhərmi qalıb? Füzulidə kəndmi qalıb? Füzulidə daş üstündə daşmı qoyublar? Bu 30 il müddətində ora nəfəsmi dəyib? Nəfəs dəyib, amma insanlığını “abort etdirmiş” vəhşi sürü nəfəsi. İlahi, bunlar nəinki türk insanına, türkün tikib-qurduğuna da amansız işgəncələr veriblər. Daşdan, qayadan da intiqam alıblar. Yol boyu dərin və uzun-uzun fikrə gedirəm. Qayğılar selində üzürəm, elə bil. Hər dağılmış, viran qoyulmuş ev gördükdə düşünürəm:
-Kim bilir, bəlkə də, bu evlərdəki beşiklərdə neçə -neçə körpələrə layla çalınıb, neçə-neçə körpə isti odun sobasının yanındakı yüyürükdə buxarlana-buxarlana, qığıldana-qığıldana böyüyüb, böyüdülüb. İndi o evlərdə nə istilik var, nə uşaq, nə uşaq yüyürüyü, nə odun "peçləri". Yalnız kərpic-kərpic sökülüb yanı üstünə atılmış daş yığını qalıb.
Yol boyu şücaətli əsgərlərimizin düşməndən azad etdiyi yaxın-yaxın qurulmuş postları, o postlardakı külə döndərilmiş düşmən hərbi texnikasını görürəm. Bütün postları bizim mövqelərdən yüksəkdə olub. Necə dərin vallar qazıblar, necə möhkəm, topdağıtmaz “dod”lar tikiblər. Adam bir an düşünür ki, bu qədər güclü istehkamları əsgərlərimiz necə yarıb? Sonra özümə cavab verirdim ki, bəli, məhz 44 günlük savaşda sinəsini qabağa verərək, qürurla “Mövzu vətəndirsə, dünyanın şah damarını da kəsərik” deyən oğullarımız azad edib bu torpağı. Axı dünya türkün verdiyi “Kişi sözünə” qibtə edir. Əsgərlərimiz sözün bütün mənasında ermənilərin şah damarlarını doğradılar.
Zəfər yolu ilə xeyli yol qət eləmişdik ki, maşın “qaynatdı”. Baxın, texnikanın belə çıxa bilmədiyi yüksəkliyi vətənin mərd oğulları ayaqları ilə, döyüşə-döyüşə dırmaşıblar. İkinci Qarabağ döyüşü dünya hərb tarixinə həm də bu faktlara görə düşüb. Torpaqları təkcə "Haroplar", "Bayraqdarlar" azad etmədi. Ərazilərimizi qəlbi vətən eşqi ilə döyünən, adicə qara torpağa öz qanını qataraq onu Vətənə çevirən qardaşlarımız aldı.
Hə, qayıdaq səfərimizə...
Hamımız avtobusdan düşməli olduq.
İlk dəfə idi, Qarabağ havasını ciyərlərimə çəkirdim. Sanki hava deyildi minbir dərdin dərmanı idi. Hələ torpağın rəngini görəydiniz: qapqara... O torpağa ən çətin yetişən bitki toxumunu da atsan, məhsul verər. Necə bərəkətli, necə münbit torpağı var gözəlim Qarabağın. Başımı göyün ənginliklərinə dikib, səmasını seyr etdim Qarabağın. Qartallar süzürdü başımızın üstündə. Sanki onlar da ev sahiblərinin gəldiyini anlamışdılar. Bu məqam bir anlıq dayımın hər toyda Məhəbbət Kazımovun ifasında səslənən “Laçınım mənim” mahnısını “zakaz” verib dinlədiyi xatırlayıram. Demə yazıq dayım da Qarabağ səmalarında süzən bu qartalları deyirmiş.
Yenidən yola düzəlirik...
...Xocavənddəyik... Bu rayonun ərazisində də mənzərə təxminən eynidir.
Yerlə yeksan edilmiş evlər, qurudulmuş kövsər bulaqlar, gözü dolmuş su turbaları... Bu qədər istibdadın gözünlə şahidi olursan və qəhər zəli kimi adamın xirtdəyinə çöküb qanını sovurur. Amma insanıq da. Hər qaranlıqda bir işıq, ümid ipi axtarırır. Əslində tapırıq və deyirik:
-Bu günə şükür.
Ona şükür ki, torpaqlarımız hürriyyətinə qovuşduğu gündən bu yana həmin ərazidə olduqca genişmiqyaslı abadlıq - quruculuq işləri aparılır. Ən müasir elektrik dirəkləri, xətləri çəkilib. Zavodlar tikilib, işə cəlb olunan şirkətlərin qarışqa fəaliyyəti eynəksiz də görünür. Ən əsası da Azərbaycan mədəniyyətinin qibləgahı, əfsanəvi Şuşaya şüşə kimi “Zəfər yolu” çəkilib. Hələ yeni yollar da çəkilməkdədir. Və Şuşanın girişindəyik.
Əsgərlərimiz təlimata uyğun yoxlamalar aparır.
Yolun sağında biz jurnalistlər və əsgərlərimiz dayanıb, sol tərəfdə isə rus sülhməramlılar. Arada bircə məftil "setka" var. O məftilin bu üzündən biz, o üzündən isə ermənilər hərəkət edirlər. Təbii ki, rus sülhməramlılar da onlara nəzarət edir. Nəyi sezdim? Yanımızdan ötüb- keçən ermənilərin baxışlarını görəydiniz. Necə əzgin, necə sınmış, necə gözüqıpık, necə idbar, necə öləzimiş... Bəli, “Dəmir yumruq” başlarına elə zərbələr endirib ki, hələ də gözlərini tam aça bilmirlər.
Bu məqamda maraqlı bir epizod yaşandı:
Yanımızdan keçərkən gözlərini üzümə zilləyən erməniyə barmaq silkələdim. Bu an rus sülməramlı əllərini yuxarı qaldırıb, havada çarpaz tutaraq, "qadağandır" işarəsini verir. Doğrudur, indiki kövrək məqam üçün, bəlkə də, adekvat addım deyil bu. Amma insanıq, emosiaları cilovlamaq olmur axı. 30 illik işğalın qarşılığında bir barmaq silkələmək nədir ki?! Kaş ruslar Qarabağın işğalı dönəmində də arada dayanıb, təcavüzə imkan verməzdilər. Amma həmin dövrdə nəinki neytral mövqe tutdular, əksinə Qarabağı işğal edib, erməniləri ora yığdılar.
Nəysə, qayıdaq mətləbə...
Nəhayət daxil oluruq sevgili Şuşaya. Maşın sürətlə irəliləyir, az qalıram, sürücüyə yalvarım ki:
-Saxla buradan piyada gedək. Bəlkə, bizim maşınla keçdiyimiz yerdə hansısa əsgərimiz qan axıdıb, can verib, şəhid olub. Axı Onun şəhidlik zirvəsinə ucaldığı yeri biz təkərlərlə basıb keçməli deyilik. Şəhidlərimiz ayağını basdığı yerə biz başımızı qoymalıyıq. İnanın, əlimdə əlac olsaydı, Şuşada dizin-dizin sürünüb, o torpaları qarış-qarış yalayardım.
Əlqərəz, “Qoç Ət” restoranına gəlirik. Əslində inanmıram ki, kimsə yemək düşünəydi. Hamı Şuşanı gəzmək istəyirdi. Tez-tələsik, hərə bir tikə alıb, çıxdıq Şuşa seyrangahına... İlk məkan Cıdır düzü oldu, məşhur Cıdır düzü. Kimi burada yallı oynadı, kimi Paşinayana cavab videosu çəkdi, kimi igidlərimizin bu qayalıqları necə dırmaşmağının “”kod”larını açmağa çalışdı, kimi kəklikotu yığdı, kimi oradan Topxana meşəsinə baxıb köks ötürdü, kimi Daşaltı kəndinə boylanıb kövrəldi. Məni isə həmin an bircə məqam qayğılandırırdı:
haradan baxsam, Xankəndini daha aydın görə bilərəm. Və həmin nöqtəni tapıram, Cıdır düzündən Xankəndiyə boylanıram. Diqqətlə baxdıqda Xankəndidəki binlarda yaşayan ermənilərin zivədən asdıqlarını belə görmək olurdu. Ağ yorğan üzü sərmişdilər. Öz-özümə dodaqaltı mızıldandım: Kəfəniniz olacaq o ağ “pastellər”. Təsəvvür edirsiniz , Azərbaycan əsgəri, Azərbaycan lideri, Azərbaycan xalqı nələri əldə edib, nələrə nail olub. İllərlə televiziya kanallarından, sayt və qəzet manşetlərindən baxdığımız Cıdır düzündə dayanıb, Xankəndini düşünürsən. Görün, nələri bacarmışıq. Əminəm ki, bir gün Xankəndiyə səfər edib, oradan Zəngəzur, Göyçə və İrəvanı da seyr edəcəyik. Tarix təkrarlanmağı sevir. Bu tarix yaşanacaq, geci-tezi var.
Cıdır düzünün sehri bir başqadır, sanki adamı ağuşuna alıb sehrinə salır. Cıdır düzündə əsl yaz havası vardı. Bir yanda qar, bir yan da günəş... Şuşada qışla yaz qoşalaşmışdı. Dastanların yazıldığı şəhərdə elə möcüzəvi məqamlar yaşanır ki, insan bunun real olduğuna inanmır.
Cıdır düzündə jurnalist dostumuz Şahin Qocayevlə bərabər addımlayırıq və bu an spontan olaraq ifaya başlayıram:
Şuşanın dağları başı dumanlı,
Qırmızı koftalı yaşıl tumanlı...
Bu əsnada Şahin dillənir:
- Qardaş, dayan-dayan.
-Nə oldu, Şahin? - Soruşuram
Dinlə bir sənin ifa etdiyin mahnını oxudurlar.
Şuşada, Cıdır düzündə Şuşanın dağlarını ifa etməyin ayrı bir ləzzəti varmış. Həm də, elə ki, sən ifaya başlayırsan, səndən bir neçə saniyə sonra yüksək tonla avtomobildəmi, mağazdamı “Şuşanın dağları” səsləndirilir. Möcüzə deyilmi? Möcüzədir!
Qeyd: Uşaqkən evdə “Şuşanın dağları” mahnısını qım-qımı edib, oynayırdım. Atam imkan vermədi:
Bala, bu oynamalı deyil, ağlamalı havadı.
Dastanların yazıldığı şəhərin Cıdır düzündən enib, Vaqif Məqbərəsinə yolllanırıq.
Yol boyu güllədən canı deşik- deşik olmuş, şüşələri çiliklənmiş binalar görürük. Təsəvvür edirsinizmi, binaları da güllədən keçiriblər. O daşların dili olsaydı, nələr danışardı, nələr... Bu məqamda gözüm qara hərflərlə yazılan bir cümləyə sataşdı:
“Abbasov Teymur, qısasın alındı”
Bu əsnada inanın ki, dərd içimdə göz yaşımı elə dəmlədi ki... Hönkürmək istəyirdim, amma elə həmin divarın fotosunu çəkməklə özümə təskinlik tapıb , toxtadım. Baxın, şəhid olmuş bir qardaşının adını Şuşa divarlarına həkk etmək dastan yazmaq deyilmi? Bu qardaşlığın, birlik və həmrəyliyin təntənəsi deyilmi? Şəhidlərimizə olan ən böyük rəğbət deyilmi?
Qızıl qeyd: Şuşada güllələnən divarlara çoxlu sayda şəhid qardaşlarımızın adları yazılıb. Təklif edirəm ki, həmin binalar restavrasiya olunarkən o yazılar silinməsin, müasir üslubda bəzədilərək saxlanılsın. Onlar adi, sıradan cümlələr deyil axı... Tarixdir, tarix. Azərbaycanın qəhrəman övladlarının bir-birinə olan inamı, nisgili, sevgisi, ümididir.
Vaqif Məqbərisində çıxıb, ruhumuzun durulduğu şəhərin Yuxarı Gövhər Ağa məscidinə üz tuturuq. Açığı öncə məscidə daxil olmadım. Kənarda dayandım. Düşündüm ki, qoy, adamlar seyrəlsin gedərəm. Düz qapısının ağzına qədər gedib, içəridən namaz qılanlara baxdım. Ən təsirli məqam orada peyda olan pişiyin namaz qılan insanların qucağına çıxması idi. Görünür, illərdir, bu pişik də sevgi, mərhəmət, qayğıdan “qısır” qalıb. Amma indi... Duaların qəbul olunduğu şəhərin məscidində hər kəs əlini Allaha elə açmışdı ki, sanki bu an duaları, istəkləri qəbul olunacaq. Anidən məndə belə fikir yarandı ki, bəlkə, Şuşa Allaha bir addım daha yaxındır. Şuşada döyüşən bütün hərbçilər deyirlər ki, döyüş ərəfəsində Allah da bizim tərəfdə olub. Nə bilim, bəlkə, doğrudan da Yuxarı Gövhər Ağadan Allaha məsafə daha yaxındır.
Hər halda əsgərlərimiz belə ərz edirlər.
Məsciddən çıxıb Şuşa Qala divarlarına gedirik. Yolboyu Şuşa çörəyini ətri aləmi bürüyür. Hər kəs insana ekstaz bəxş edən o təravəti içinə çəkir. Gözəl Şuşamın ətri gəlir çörəkdən. Əksəriyyət Şuşa çörəyi alır.
Və Qala divarlarına çatırıq.
O divarlara ki, hər küncü, bucağı döyüşən əsgərlərə ana qucağı olub. Orada döyüşənlər danışırlar ki, o Qala divarları olmasaydı, həm itkilərimiz çox olacaqdı, həm də yaralılarımızı çıxara bilməyəcəkdik. Yəni görkəmli Mehmet Akif Ərsoyun şeirində deyildiyi kimi nəticə çıxarmalıyıq:
Basdığın yerləri torpaq deyərək keçmə, tanı.
Düşün altında minlərcə kəfənsiz yatanı.
Sən şəhid oğlusan, incitmə yazıqdır atanı,
Vermə dünyaları alsan da, bu cənnən Vətəni.
Artıq qaş qaralırdı. Qarabağımızda “Azərişıq”ın çəkdiyi işıqlar şəfəq saçırdı. Foto da çəkdirib doluşduq maşınlara və Bakıya uğurlandıq. Bir az gəlmişdik ki, maşınlara "durun" dedilər. Yeni yol çəkmək üçün qayaları partladırdılar. Təxminən 20 dəqiqə gözlədik, partlayış səsindən sonra yola davam etdik...
Yuxumuza girən şəhərdən qayıtdıq evimizə. Üstündən cəmi bir neçə saat keçməsinə rəğmən yuxuda görürəm Şuşanı. Yuxuda o qədər darıxıram ki, hövlnaq oyanıram. Babam Şuşa, atam Şuşa, adam Şuşa, sənə bir də gələcəyik, səni tək qoymayacağıq.
İndi Qazaxa getməyə də can atıram. Bilirsiniz niyə? Özümə söz vermişəm ki, kəndimizə girən kimi evə deyil , atamın məzarı üstünə gedəcəyəm. Sözüm var axı rəhmətliyə. Məzar daşını qucaqlayıb qulağına pıçıldayacağam:
-Əziz atam, Qarabağın gərdək otağı azaddır və sənin oğlun Cıdır düzündə "Şuşanın dağları"nı oxudu. Rahat uyu, gözəl atam.
Hə, birdə bəziləri Şuşada üz-üzə gəlsək də, salam vermədiyimə görə məndən inciyib. Bildirirəm:
- Salam vermədiyim adamlar, o mən olmamışam...
Hazırladı: Ayyət Əhməd