İnsanların gözləri  “qan ağlayırdı” -  Əməkdaşımız “Bit bazarı”ndan yazır + FOTOLAR

Azərbaycanda əhali geyim-kecim, yemək, ləvazimatlar və s. üçün müxtəlif bazarlara üz tuturlar. İnsanlar əsasən məhsulun ya keyfiyyətinə, ya da ucuz qiymətə bazarlanmasına diqqət yetirirlər. Gündən-günə bahalaşan məhsulların qiyməti alıcını ucuz mallara qaçmağa vadar edir. Ucuzluğuna görə üz tutulan bazarlardan biri də Sabunçu rayonu ərazisində yerləşən “Rus bazarı”dır. Həmçinin bura “Bit bazarı” və “Cındır bazarı” kimi də tanınır. 

İynədən -sapa hər şey var

Ticarət mərkəzi həftənin şənbə və bazar günləri səhər saat 08:00-16:00 arasında fəaliyyət göstərir. Qiymətlərin ucuzluğuna səbəb məhsulların ikinci əl olmalarıdır.  

Bazarda köhnə əşyalar, paltarlar, quşlar, video kasetlər, kitablar, ayaqqabılar, ətirlər, mis və alüminium qablar, samovarlar, vazalar, oyuncaqlar və s. satılır. Bir sözlə, burada iynədən -sapa hər şey var. Bazarda icarə haqqı 1 manatdan 5 manata qədərdir.

Bazara yollanaraq oradakı vəziyyətlə tanış olduq. 

Bazara daxil olarkən satıcıların üzlərindən problemlərlə dolu həyat hekayəsi gözümüzün qarşısında canlanır. Çətin həyat şəraitindən bəhs edib, məyusluq hissi keçirən vətəndaşların gözləri “qan ağlayırdı”. Bir-iki manat üçün bazara üz tutduğunu deyən satıcılar sosial rifahlarının aşağı olması ilə bağlı ürəklərini boşaltdılar.


 Ailələrinə çörək aparmaq üçün dan yeri sökülər-sökülməz evlərindən çıxaraq bazara doğru irəliləyirlər. Bazarda yer tutmaq üçün səhər saat 5-də gəldiyini bildirənlər də var. 

Ətrafdakı üfunət iyi, anti-sanitar vəziyyət insanı bazara girməmiş uzaqlaşmağa vadar edir. Satıcılar şəraitsizlikdən bezdiklərini dəfələrlə bildirdiklərini söylədilər. 

Satıcı çox, alan yox...

Orada alıcı və satıcılarla həmsöhbət olduq
 
Ticarət mərkəzində ikinci əl paltar satan Lalə Məmmədova bildirib ki, alıcıların sayı getdikcə azalır:

“Bazarda əsasən ikinci əl məhsullardır. Evimizdən gətirib satıram. Bəziləri zibillikdən də gətirirlər. Burada şərait çox pisdir. Yağış yağanda yağışın altında məhsullarımız da, özümüz də islanırıq. Səhərdən buradayam, heç 2manat pul qazanmamışam. Satan çoxdur, alan azdır. Yer tutmaq üçün səhər saat 5-dən bura gəlirəm. Bazarda ən çox satılan dəmir-dümürdür. Paltar yaxşı satılmır”. 
 
Satıcı Mübariz Kazımov məhsulları evdən gətirib satdığını deyir:

“İcarə haqqı müxtəlifdir.  Mən 3-4 manat ödəyirəm. Satış bəzən yaxşı, bəzən pis olur. Xüsusilə Yeni İl bayramından sonra bazarda satış çox zəiflədi. İnsanlar ən çox dəmir-dümür alır”. 

Alıcılar əsasən antikvar əşyalar, dəmir qablar, ev əşyaları almağa gəldiklərini bildirdilər. Paltar barəsində soruşduqda isə onların üz ifadəsinin dəyişdiyini gördük. Buradan paltar almadıqlarını vurğuladılar.
 
Alıcı İsa Məmmədov söylədi ki, antikvar əşyalar almağa gəlib:

“Bazarda qiymətlər sərfəlidir. Digər yerlərdə bahalı olan ləvazimatları buradan ucuz alırıq”.

Alıcı Ramin Məmmədov  isə ev əşyaları almağa gəldiyini vurğuladı:
“Bazarda qiymətlər qaneedicidir. Ehtiyacımız olarsa, digər əşyaları da alıram”. 
 
Quş satışı ilə məşğul olan Rəşad Şamilov da satışla bağlı mühüm məqamları bizimlə bölüşdü:

 “Quşun satışında vəziyyət yaxşıdır. 50 quş gətirmişdim, çoxunu satmışam. Quşların qiyməti 3 manatdan başlayır və yüksəlir. Məsələn, 5 manata var, 7 manata var. Əlavə edim ki, yaxşı quşbazara gec-gec çıxarılır. Əsasən zəif quşlar bazara çıxarılır. Alıcı isə quşun ucuzluğuna diqqət yetirir. Əvvəllər quş satışı sərfəli idi, amma indi sərf etmir. Çünki buğda bahalaşıb. Vəsaitimiz kifayə etmir”. 

Xanlar ƏLİBƏY