100 ildən bir görünən yağışlar: Kənd təsərüffatı qazanacaq - EKOLOQ

Bu yağış suları təbiətin bitki örtüyünün suya olan ehtiyacını balanslaşdırdı

Ölkə ərazisinə 3 gün aramsız yağan yağışlar mülki infrastruktura zərər verməklə bu sahədəki boşluqları üzə çıxarsa da təbiətin suya olan ehtiyacını doldurmuş oldu. Araşdırmalara görə 1988-ci il martın 21-də sutka ərzində düşən yağıntının miqdarı 36.8 mm olub. Bu il martın 27-də isə sutkalıq yağıntının miqdarı 120 mm qeydə alınıb. Hətta son yüz il ərzində Azərbaycanda bu səviyyədə yağıntının qeydə alınmadığı bildirilir. Beynəlxalq mütəxəssislər deyirlər ki, iqlim dəyişiklikləri yağışların bölgələrə qeyri-bərabər paylanmasına səbəb olur. Bəzi bölgələrdə suyun miqdarı artarkən, digərlərində isə su qıtlığı yaşanır. Məhz buna görə, ölkə ərazisində üç gün aramsız yağan yağışlar insanlarda təəccüb doğurdu. Bəziləri dizə qədər yüksələn suyun fəsadlarından gileylənsə də, təbiət bu prosesdən razı qaldı. Bəs bu məmnunluğun arxasında hansı səbəblər dayanır?

Mövzu ilə bağlı ekoloq Ənvər Əliyev Sherg.az-a bildirib ki, ölkə ərazisinə yağışlar fasilələrlə yağdığına görə üç gün davam edən intensiv yağıntılar qeyri-adi görünür: 

“Azərbaycanda 3 gün fasiləsiz davam edən güclü yağışlar 100 ildən bir qeydə alınan nadir təbii hadisələr sırasına daxildir. Bakı yarımsəhra şəhəridir. Burada illik orta yağıntı təxminən 200-300 mm arasında dəyişir. Bunu günlərə böləndə 1 mm yağıntı təşkil edir. Paytaxt mülki infrastruktur və əhalinin çoxluğuna görə şişmiş vəziyyətdədir. Rayonlardan Bakıya axışan insanlar ucbatından yağış sularının toplanması üçün infrastrukturun qurulmasına yer qalmayıb”.

Ekoloqun sözlərinə görə, su toplama qurğularının yaradılması və işlədilməsi böyük maliyyə tələb edir:

“Əgər Azərbaycana da digər ölkələr kimi mütəmadi olaraq yağış yağsaydı, suların toplanması üçün qurğuları işə sala bilərdik. Sovet dövründə ölkəmizdə bir çox çayların qarşısı bəndlərlə kəsilərək su anbarları tikilmişdi. Həmin anbarlarda yığılan çayları suvarmada, hidroelektrik stansiyalarda istifadə edirdilər. Hazırda Azərbaycanın Talış dağları, Aran düzənliyi, Böyük və Kiçik Qafqaz ərazilərində çoxlu çayları var”. 

A.Əliyev vurğulayıb ki, çayların üzərində sovet dövründəki kimi bəndlər tikmək lazımdır:

“Azərbaycan çaylarından bir gündə axan su toplanarsa, ölkənin su ehtiyacını təxminən üç il təmin etmək olar. Yağan yağışlar çayların həcmini artırmaqla, su ehtiyatının çoxalmasına yol açdı. Həmin çayların üzərində su anbarları tikməklə, balıqçılıq və yemçilik sahəsindəki problemlərimizi həll edə bilərik. Bakı şəhərində bir atı saxlamaq bir adamı saxlamaqdan daha artıq vəsait tələb edir. Suyun torpaq qatına keçərək məhsuldarlığını artırması üçün təxminən bir ay lazımdır”. 

Ekoloqun qənaətinə görə kənd təsərüffatı sahibkarları yağıntıların bəhrəsini görəcəklər:

“Azərbaycanda kənd təsərrüfatında yaşanan su qıtlığını yağıntılardan səmərəli istifadə etməklə aradan qaldırmaq olardı. Digər tərəfdən isə yazda ağaclar və bitkilər çiçəklənmə mərhələsində olur. Kütləvi yağışlar bəzi həssas bitkiləri su altında qoymaqla tələf edə bilər. Amma bu proses torpağa üzvi maddələr və minerallar əlavə edərək, münbitliyin artmasına səbəb oldu. Bir sözlə, yağış suları təbiətin bitki örtüyünün suya olan ehtiyacını balanslaşdırdı”.