"Əgər bu yol adi yağışdan çökürsə, deməli, digər ərazilərdə də çökmə olacaq"
Abşeron rayonu, Masazır kəndi ərazisində yerləşən "Zəngilan şəhərciyi"ndə yeni inşa olunan yol qısa müddət sonra çöküb. Bizim.Media xəbər verir ki, sözügedən ərazidə çəkilən yolun bəzi hissələrində ciddi çökmə və deformasiya müşahidə olunub.
Yol örtüyündə yaranan bu problemlər həm nəqliyyat vasitələrinin hərəkətini çətinləşdirib həm də sürücülər üçün təhlükə yaradıb.
Yolun çökməsinə son günlər yağan intensiv yağışların səbəb olduğu deyilir. Lakin sakinlərin sözlərinə görə, yolun bu vəziyyətə düşməsi tikinti zamanı keyfiyyət standartlarına tam riayət olunmamasıyla bağlıdır.
Sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Sherg.az”a açıqlamasında bildirdi ki, bu, ciddi araşdırma tələb edən haldır: 
- Araşdırılmalıdır ki, neçə kilometr məsafədə çəkilmiş yoldur, ümumi smeta dəyəri nə qədərdir, yolun inşasına nə qədər pul xərclənib, hansı keyfiyyətdə yol-tikinti materiallarından istifadə olunub, hansı keyfiyyət uyğunluğunda işlər görülüb. Yadımdadır, bu yol çox qısa müddətdə çəkildi və geniş reklam olundu ki “Zəngilan şəhərciyi”nə yeni yol çəkilib. Böyük ehtimal ki yol tikintisinə Prezidentin Ehtiyat Fondundan vəsait ayrılıb. Bu gün baş vermiş çökmə isə ondan xəbər verir ki, yolun özülü qurulmaylb. Dağ deyil, sürüşmə zonası deyil. Adi düzəngah, düz səthdə çəkilən yoldur. Əgər bu yol adi yağışdan çökürsə, deməli, digər ərazilərdə də çökmə olacaq.
İ.Hüseynli qeyd etdi ki, yeni çəkilmiş yolun qısa müddətdə çökməsi ciddi korrupsiyadan xəbər verir:
- Buradan belə nəticəyə gəlmək olar ki, tikintiyə ayrılan vəsait doğru xərclənməyib. Təyinatı üzrə xərclənməyib. Xərclər şişirdilib. Korrupsiyaya yol verilib deyə, yol çöküb. Bəli, güclü yağışlar fəsadlar yarada bilir. Yollar, körpülər dağıla bilər, subasma ola bilər. Amma bu illərlə baş verir. Ərazi, relyef, yağışın miqdarı əsas göstəricilərdir. Bakı intensiv yağışlar yağan şəhər deyil. İldə 1-2, lap olsun 3 dəfə normadan bir qədər artıq yağış yağır. Əgər şəhərdə bu qədər problem ortaya çıxıra, deməli vəzifəlilər səlahiyyətlərini lazımi qaydada yerinə yetirmirlər. Yeni çəkilmiş yol, bir az artıq yağış yağan kimi çökürsə, burada yeyinti, korrupsiya əlamətləri araşdırılmalıdır.