Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə yaradılmış şəraitlə tanış olub.
Sherg.az xəbər verir ki, dövlət başçısına görülmüş işlər barədə məlumat verilib.
Bildirilib ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18 ev də var.
Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri şərait yaradılıb. Onlar elektrik enerjisi və qazla təchiz olunub. Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün park salınıb, Bayraq meydanı yaradılıb.
Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların, onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir. İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.