Hamilə qadınların nəzərinə ! - Qıcolmalar niyə yaranır və necə qurtulmaq olar? - İZAH

Orqanizmdə təxminən 640 əzələ var. Onlar gün ərzində dəfələrlə yığılıb açılır. Əzələ qıcolması tez-tez rast gəlinən problemlərdən biridir. Bu zaman güclü ağrı ilə müşayiət olunan əzələlər qeyri-iradi olaraq yığılır. 

Qıcolmalar adətən iki oynağın cəlb olunduğu əzələlərdə baş verir. Problemə baldır və budun arxa, ön qrup, xüsusən də budun dördbaşlı əzələlərində daha çox rast gəlinir. 

Gecə qıcolmaları çox yayılmış simptomlardan biridir. Bu zaman qıcolma çox ağrılı olub hətta insanın yuxusunu poza bilər. Gecə saatlarında qıcolmalar əsasən ayaqlarda olur. Qıcolma əvvəl baldırlarda başlayır və sonra bütün ayağı boyu yayılır.



Qıcolmaların yaranma səbəblərinə dair “Sherg.az”a danışan həkim-nevroloq Günel Ümid bildirib ki, qıcolmalar bədən əzələlərinin nəzarətsiz tutma şəklində yığılmasıdır. Nevroloq qeyd edib ki, əzələlərin normal fəaliyyəti üçün bəzi minerallar lazımdır. Orqanizmdə bu maddələr mübadiləsinin pozulması qıcolmalara səbəb olur:

“Bədən temperaturunun yüksək olması febril qıcolmalar adlanır. Ümumiyyətlə, başın travması, maddələr mübadiləsinin pozğunluqları, yəni qanda kalsium, kalium, maqnezium elementlərinin azalması qıcolmanın baş turması üçün əsas səbəbdir. Tez-tez və uzun müddət ərzində baş verən ishal və qusmalar, bədənin həddindən artıq qızması da qıcolma yaradır. Əsəbi uşaqlarda 6 aylığından 3 yaşınadək olan müddət ərzində istənilən güclü emosiya-qorxu, qəzəb, sevinc qıcolmalara səbəb ola bilər”.

G.Ümid vurğulayıb ki, çox vaxt hamilə qadınlarda da qıcolmadan əziyyət çəkir:

“Çox vaxt qıcolmalar gələcək ananı hamiləliyin ilk aylarında, tez-tez təkrarlanan qusmalar fonunda narahat etməyə başlayır. Bud əzələlərinin və ya əl pəncəsi əzələlərinin ürpəşmiş şəkildə yığılmaları adətən gecə və ya yuxuya getmə zamanı baş verir. Lakin onlar gündüz də əmələ gələ bilər.

Məsələn, qadın istirahət etmək üçün oturduqda və ya uzandıqda. Qıcolma zamanı yaranma səbəbindən asılı olmayaraq hər bir halda mütləq həkimə müraciət etmək lazımdır”.