Elə bir dövrə gəlib çatmışıq ki, günümüzü texnikasız təsəvvür etmək mümkünsüzdür. Saatlarla ya kompüter arxasında oturur, ya televizorda nəyəsə baxır, ya da telefonda yazışırıq. Maraqlıdır, həmin anlarda hansımız özümüzü, gözümüzü düşünürük. Çox güman, böyük əksəriyyətimizin heç yadına da düşmür. Ən yaxşı halda bircə an düşünsək də, məsələyə etinasız yanaşırıq. İllər keçir və nə vaxtsa gözümüzü qıymalı olanda, eynək arxasınca aptek-aptek gəzəndə qatarın artıq keçdiyini, necə böyük səhv etdiyimizi anlayırıq.
Tanınmış oftalmoloq, tibb elmləri doktoru, professor Paşa Qəlbinur əslində hər kəsi narahat edən, amma heç bu barədə düşünmədiyimiz məsələ ilə bağlı “Sherg.az”a danışıb:
“Qadınların üzüyün qaşını necə qoruduğunu, yəqin ki, bilirsiniz. Bax, gözümüzü də elə, hətta dəfələrlə çox qorumalıyıq. Bu məqsədlə müəyyən sahələrdə işləyənlər qoruyucu eynəklərdən istifadə edirlər.
Həmçinin günəş tutulmasından və sair kimi hava şəraitlərindən qorunmaqdan ötrü gün eynəklərindən yararlanmaq da məqsədəuyğundur. Əlbəttə, monitorla təmas gözümüzü daha artıq qorumağı şərtləndirir. İlk növbədə onu deyim ki, kompüterlərin daxilində şüanı azalda bilən xüsusi filtirlər var.
Amma o, şüanın qarşısını ala bilmir. Yəni təxminən balıq toru kimi: böyüklər qalır, kiçiklər isə tordan keçir. Bundan əlavə, fərqli damcılardan da istifadə edilir.
Məsələn mənlə bacımın birlikdə kəşf etdiyi “Aktirol” preparatı bu cəhətdən səciyyəvidir.
Həmin dərmanın təsir mexanizmlərindən biri də radioprotektordur. Məhz onun sayəsində monitor şüalarının qarşısını almaq mümkündür. “Aktirol”dan başqa, heç bir damcıda bu xüsusiyyət yoxdur”.
P.Qəlbinurun sözlərinə görə, gözümüzü qorumaq məqsədilə qeyri-dəqiq informasiyalara yox, təsdiqlənmiş vasitələrə inanmalıyıq:
“Düşməndən qorunduğumuz kimi, xəstəlikdən qorunmalı və bu məqsədlə silahlanmalıyıq. İlk silahımız isə təsirli damcılar olmalıdır. Nəzərə almaq lazımdır ki, monitorlarda optik eynəklərdən daha güclü qoruyucu vasitə var.
Amma qismən effektivdir. Kaktuslar da şüaların qarşısını tam ala bilmir. Bunun üçün uzun elmi araşdırmaların nəticəsi olan preparatlardan istifadə etmək lazımdır. Belə dərmanlar əvvəlcə dovşanlar, sonra meymunlar üzərində sınaqdan keçirilir. Ardınca dünya ölkələrində test edilir və sonra təsdiqlənir.
Bəzən 100 il yaşayan bir adam 70-80 il zəif görmədən əziyyət çəkir, eynək taxır. Bu aqibətlə qarşılaşmaq istəmiriksə, gözümüzün qayğısına qalmalıyıq”.