Tez yağlanan saçlar bəzi xanımların əsas problemlərindən biridir. Çoxları elə düşünür ki, saçları tez-tez yuduqda problemi aradan qaldırmaq olar. Lakin bu, əks təsir göstərə bilər. Çünki saçları tez-tez yuduqda , piy vəzilərinin işi daha da güclənir. Nəticədə saçlar yağlandığından daha çox yağlanmağa başlayır. Dermotoloqların fikrincə, saçları həftədə 4 dəfədən artıq yumaq olmaz. Səhər yuyulan saçlar axşam yağlanırsa, orqanizmdə baş verən hər hansı bir problemi araşdırmaq lazımdır. Əslində saçların tez yağlanmasının müxtəlif səbəbləri var. Genetik meyl və ya sonradan qazanılmış səbəblər ola bilər.
15 nömrəli poliklinikanın həkim-dermatoloqu Solmaz Orucova “Sherg.az”a bildirib ki, müəyyən preparatların qəbulu, stress və qadın xəstəlikləri orqanizmdə hormonal pozğunluqlara gətirir. Bu isə insanın xarici görünüşünə təsir göstərə bilər.
Dermatoloqun sözlərinə görə, stress və hormonal pozuntuların saç yağlılığına səbəb olması mümkündür:
“Problem daxili orqanlarda olduqda isə heç bir kosmetik vasitələr bu problemin həllinə kömək edə bilməz. Belə vəziyyətdə həkimə müraciət edib, qaraciyər, öd kisəsi, mədəaltı vəz və mədəni yoxlamaq gərəkdir”.
Həkim qeyd edib ki, vacib əsaslardan biri mineral və vitamin komplekslərinin düzgün qəbuludur:
“Sink və A, B, E, C vitaminlərinin qəbulu vacibdir. Ona görə də düzgün qida rasionu və rejim mütləqdir. Çünki bu, insanın immun sisteminə və ümumi fiziki vəziyyətinə birbaşa təsir edir. Yarımfabrikat, acı, duzlu və yağlı yeməklər, şirniyyat, arıqlamaq üçün saxlanılan pəhriz bütün daxili sistemin iş prinsipinə mənfi təsir göstərmiş olur”.
S.Orucova vurğulayıb ki, baş dərisinin vəziyyətini yaxşılaşdırmaq üçün müəyyən kosmetik vasitələr-şampun, balzam və maskalardan istifadə etmək olar:
“Saçları ilıq su ilə yumaq, soyuq aylarda isə papaq taxmaq məsləhət görülür. Kimyəvi burma və boyama isə baş dərisinin vəziyyətini pisləşdirir və piy vəzilərinin işini gücləndirir”.
Dermatoloq saç yağlanmasını aradan qaldırmağın sadə üsullarını da diqqətə çatdırıb:
“3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su tökülərək minalanmış qabda ağzı bağlı vəziyyətdə 15 dəqiqə qaynadılır, soyudulur və süzülür. Dəmləmə səliqə ilə baş dərisinə sürtülür, 20-30 dəqiqədən sonra yuyulur.
1 xörək qaşığı xardalı 1 litr ilıq suda qarışdırandan sonra saçlar qarışıqla bir neçə dəfə isladılır, sonra yuyulur və yaxalanır. Lakin bunu dərinin xardala qarşı reaksiyası olmadığı halda etmək lazımdır”.