Mümkündür ki, denge qızdırmasından sağalmış adamlar koronavirusa az tutulsun
Denge qızdırmasından sağalmış insanlarda COVİD-19 xəstəliyinə qarşı müəyyən immunitet yaranır. Bu barədə "Reuters" ABŞ-ın Dyuk Universitetinin professoru Migel Nikolelisin hələ ki dərc edilməmiş araşdırmasına istinadən yazıb.
Alim aşkar edib ki, son illərdə denge qızdırmasının baş verdiyi bölgələrdə koronavirus daha aşağı sürətlə yayılır."Bu təəccüblü kəşf denge flavivirusu və SARS-CoV-2 serotipləri arasında qarşılıqlı immunoloji reaktivliyin olması imkanını artırır", – o qeyd edib.
Nikolelisin sözlərinə görə, onun fərziyyəsi təsdiqlənərsə, insanlar denge qızdırmasından peyvənd sayəsində COVİD-19 xəstəliyinə qarşı müəyyən bir immunitet səviyyəsi də əldə edə biləcəklər.
Mövzuya münasibət bildirən həkim-pulmonoloq Ramin Nəriman bildirib ki, təbabətdə çarpaz reaksiya, çarpaz immunitet deyilən bir anlayış var. Həkim vurğulayıb ki, bir infeksion xəstəliyə tutulan zaman digər infeksion xəstəliyə qarşı immunitet artır:
"Denge qızdırmasının özü kifayət qədər ağır bir xəstəlikdir. Denge infeksiyası dünyanın tropik və subtropik regionlarında yayılmış həşəratlar olan, "Aedes" cinsinə mənsub ağcaqanadlar tərəfindən ötürülən (əsasən Aedes aegypti, lakin həm də A. albopticus), qlobal əhəmiyyətə malik arbovirus infeksiyasıdır.
Denge qızdırmasından sağalmış insanlarda COVİD-19 xəstəliyinə qarşı immunitet yaranırmı məsələsinə gəlincə, deyərdim ki, bu hələ tam təsdiqini tapmayıb.
Bunu yalnız araşdırmalar əsasında müəyyənləşdirmək mümkündür".