Koronavirus bitməyib ! – “Tibb işçilərinin yükü artmasın deyə diqqətli olmalıyıq” - Həkim qıtlığı... 

“Hər bir vətəndaş tibbi maskalardan düzgün istifadə etməli və özünü qorumalıdır”

“Çünki özümüzü qorusaq, səngərdə olan əsgər və zabitlərimizə, həkimlərimizə də kömək ola bilərik”


Ölkəmizdə koronavirusa yoluxanların sayında artım müşahidə edilir. Yoluxma və sağalma halları arasında əldə olunmuş müsbət dinamika dəyişib, sanitar-epidemioloji durum getdikcə pisləşir. Məsələn elə bu gün ölkəmizdə koronavirus (COVID-19) infeksiyasına 369 yeni yoluxma faktı qeydə alınıb, 102 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 4 nəfər vəfat edib. Görünür, son aylar əldə olunan uğurlar cəmiyyətdə arxayınlıq yaradıb. Sosial məsafənin gözlənilməməsi, maskadan və dezinfeksiya vasitələrindən istifadə edilməməsi halları kütləvi hal alıb. Ermənistanın növbəti təxribatı nəticəsində başlayan müharibə bütün cəmiyyətimiz üçün ciddi təhlükə olan koronavirus pandemiyasını unutdurub və arxa plana keçirib. Unutmamalıyıq ki, koronavirusla mübarizədə fəal olmaq, xüsusi karantin rejimi qaydalarına riayət etmək həm də cəbhədə döyüşən əsgərlərimizin sağlamlığı üçün vacibdir.


Hərbçilərimizin sıravi vətəndaşlarla təmasda olduğunu nəzərə alsaq, əminliklə demək olar ki, hər bir koronavirus xəstəsi virusu cəbhəyə ötürə, ordumuzun ardıcıl uğurlarına ciddi zərbə vura bilər. Bu gün orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumalıdır.

“Sağlamlığa Xidmət” İctimai Birliyinin icraçı direktoru Pərvanə Vəliyeva “Sherg.az”a açıqlamasında təəssüf hissi ilə bildirib ki, vətəndaşlarımız maskadan düzgün istifadə etmirlər. Onun sözlərinə görə, hətta ictimai nəqliyyatda maska taxmayanlar da var:

“İnsanlarımız maskanın birdəfəlik olduğunu dərk etməlidir. Maska ağız və burunu tam örtmürsə, hansısa effekt vermir. Artıq məktəblər də açılıb deyə ictimai nəqliyyatlarda sıxlıq yaranıb. Nəqliyyatlardakı dezinfeksiya məhlulu boşalır və buna nəzarət edən yoxdur. Günün pik saatlarında müəyyən sıxlıq olur. Bu zaman isə yoluxma riski daha çoxdur”.

Hazırda ölkəmizin müharibə şəraitində olduğunu deyən icraçı direktor vurğulayıb ki, gərək arxa cəbhədə olanlar özlərini qorusunlar ki, ordumuza dəstək olaq:

“Ordumuz son günlər yeni qələbələr qazanır. Ona görə də vətəndaşlarımız sevinir. Amma təəssüf ki, bu sevinc koronavirusla mübarizəni arxa plana salır. Koronavirus bitməyib, aramızdadır.

Mübarizə yenə də davam edir. Vətəndaşlarımız dərk etməlidir ki, indi həmrəylik zamanıdır. Xalqımız həkimlərin yükü artmasın deyə diqqətli və məsuliyyətli olmalıdır. Çünki ölkəmizdə həkim qıtlığı yarana bilər. Hər bir vətəndaş tibbi maskalardan düzgün istifadə etməli və özünü qorumalıdır.

Çünki özümüzü qorusaq, səngərdə olan əsgər və zabitlərimizə, həkimlərimizə də kömək ola bilərik”.