Hər iki cəbhədə düşmənə qarşı bir olmalıyıq
Son günlər koronavirusa yoluxma sayında kəskin artım müşahidə edilməkdədir. Koronavirusla fəal mübarizə ilk növbədə cəbhəyə, əsgərlərimizə ən böyük yardım və dəstəkdir. İndiki müharibə vəziyyətində koronavirusla mübarizə, əhalinin sağlamlığının qorunması həm də güclü əsgər, güclü vətəndaş deməkdir.
Bu gün Orduya dəstək vermək istəyən hər bir vətəndaş ilk növbədə əsgər və zabitlərimizin sağlamlığı haqqında düşünməli, özünü və yaxınlarını xəstəlikdən qorumaqla haqq işimizə layiqli töhfəsini verməlidir.
Artıq 20 günə yaxındır ki, əsgərlərimiz Vətən uğrunda mətinlik, güclü iradə və əzm nümayiş etdirir. Buna görə də hər bir vətəndaş olduğu yerdən asılı olmayaraq, həm özünə, həm də ətrafına qarşı diqqətli olmalıdır.
Həkim Cavid Paşayev "Şərq"ə açıqlamasında bildirib ki, bu günlərdə hər kəsin üzərinə çox böyük yük düşür. O bildirib ki, iki düşmənə qarşı bir olmalıyıq:
"Bu gün hamımız həm erməni, həm də "Covid -19" düşmənlərinə qarşı birgə mübarizə aparmalıyıq. Koronavirusdan qorunmaq öz əlimizdədir. Digərindən qorunmaq əsgərlərimizin. Ona görə özünüzü qoruyun ki, biz həkimlər də bizi qoruyan əsgərlərimizin xidmətində duraq".