Halbuki, koronavirusla mübarizədə məsuliyyətin kütləvi olması vacibdir
“Koronavirusla mübarizədə arzu olunmayan durumun əsas səbəblərindən biri məsuliyyətsizlik və bunun təbliğ olunmasıdır”. Bunu siyasi şərhçi Araz Aslanlı feysbuk səhifəsində yazıb.
Ekspert bildirib ki, dövlət adına hərəkət edənlərin səlahiyyətləri, imkanları, öhdəlikləri daha yüksəkdir. İlk növbədə onlar daha məsuliyyətli olmağa, işlərini mümkün qədər yaxşı görməyə borculudurlar:
“Amma sadəcə onlarla yekunlaşmır. Pandemiya qlobal və kütləvi problemdir. Onunla mübarizədə məsuliyyətin kütləvi olması vacibdir. Məsuliyyətsizlik ucbatından problem elə bir həddə gəlib çatır ki, bütün dövlət imkanlarından ideal şəkildə istifadə edilsə belə yetərli olmur.
Məsuliyyəti sadəcə qarşı tərəfə yükləmək, özümüzü təmizə çıxarmaq “xəstəliyi” təəssüf ki, koronavirusla mübarizədə də davam edir.
Sosial şəbəkələrdə dövləti tənqid edənlərin önəmli qismi virus problemi ortaya çıxdığı ilk andan vətəndaşda inamsızlıq təbliğ edirdilər. “Oyundur”, “boş şeydir”, “siyasi alətdir” və s. şəklində təbliğat aparırdılar. Halbuki, bu cür yanaşma sonradan sadəcə onlara qulaq asanlara deyil, elə özləri üçün də ciddi problemə çevrildi.
Hər kəs ilk növbədə özü məsuliyyətli davranmalı, bunu təbliğ və tələb etməlidir. O halda hər şey yaxşı olacaq”.