Koronavirusa qarşı peyvəndləmə prosesi davam edir. Lakin hələ də peyvənddən çəkinənlər var. Xüsusən də yaşlı insanlar peyvənd olunmaqdan ehtiyatlanır.
Həmçinin, şəkəri, qan təzyiqi olanlar peyvəndin mənfi təsirinə məruz qalacaqlarından ehtiyatlanırlar. Mütəxəssislər isə bildirir ki, peyvəndin əks göstərişləri ilə bağlı faktlar mövcud deyil.
“Yeni Klinika”nın anestizioloq-reanimatoloqu Təbriz Naibov Trend-ə açıqlamasında qeyd edib ki, insan COVİD-19-a qarşı vaksin vurdurduqdan sonra özünü psixoloji olaraq rahat hiss edir. Onun sözlərinə görə, artıq COVİD-19-a qarşı peyvəndin iki dozasını da vuraraq vaksinasiya prosesini tamamlayıb:
"Hər iki dozanı vurdurduqdan sonra özümü yaxşı hiss etmişəm. Heç bir mənfi təsir müşahidə edilməyib. Yanaşı xəstəliyi olan bəzi şəxslər vaksin vurdurmaqdan qorxurlar. Deyirlər ki, şəkərim, təzyiqim var, birdən vaksini vurdursam, vəziyyətim pisləşər. Amma vaksini elə ilk növbədə belə şəxslər vurdurmalıdırlar. Çünki virusa yoluxarlarsa, xəstəliyi ağır keçirə bilərlər".
Azərbaycan Dövlət Tibb Universitetinin professoru Adil Qeybulla “Şərq”ə açıqlamasında bildirdi ki, yanaşı xəstəliyi olanların peyvəndlənməsi məsləhətdir:
- Yanaşı xəstəliyi olan insanların peyvənd vurdurması məsləhətdir. Peyvənd onları risklərdən qoruyacaq, COVİD-19-a qarşı immunitet formalaşdıracaq. Koronavirus yanaşı xəstəlikləri olanlarda daha ağır formada özünü göstərə bilər. Ona görə də kimsə şəkəri, ya da təzyiqi var deyə, peyvənd vurdurmaqdan imtina etməsin, əksinə, vurdurmağa çalışsınlar. Peyvənd vurdurmaq kimlərə olmaz; hamiləliyin ilk 3 ayında olan xanımlar, COVİD-19 xəstəliyinin kəskin fazasında olanlar, yəni hazırda aktiv xəstələr və allergiyası olanlar. Bir də uşaqların koronavirusa qarşı peyvənd olunmasıyla bağlı hələ ki, göstərişlər yoxdur. Bu da əsasən 18 yaşdan aşağı olanlara aiddir. Digər yaş qrupları və yanaşı xəstəliyi olan və ya olmayan hər kəsin peyvənd vurdurması məsləhətdir.
A.Qeybulla özünün peyvəndin 2 dozasını artıq vurdurduğunu və heç bir mənfi halla qarşılaşmadığını söylədi.