Karantin qaydalarının sərtləşdirilməsinə heç bir ehtiyac yoxdur

Avropa ölkələrinə baxanda koronavirusla bağlı vəziyyət Azərbaycanda çox yaxşıdı


Koronavirusa yoluxmaların sayında son günlərdə artım müşahidə edilməkdədir. Təbii ki, bu  artım həm qış mövsümündən yaz mövsümünə keçidlə bağlı bədənimizdə olan dəyişikliklərlə əlaqəlidir. Həmçinin nəzərə alaq ki, havaların bir az soyuq keçməsi həm COVID-19, həm də digər qripal xəstəliklərin artma reallığı ilə insanları üz-üzə qoymaqdadır.

Bu gün digər narahatverici məqamlardan biri Novruz bayramı günlərində milli dəyərlərimizdən qaynaqlanaraq insanlar arasında təmasların daha da artması və koronavirusa yoluxma sayının artması üçün daha bir zəmin yaratmasıdır. Təbii ki, ölkədə epidemioloji vəziyyətin yenidən istəmədiyimiz səviyyəyə gəlməməsi üçün hər bir vətəndaşın mövcud epidemioloji qayda-qanunlara daha ciddi şəkildə riayət etməsi vacibdir. Əks təqdirdə məcburiyyət qarşısında bütün dünyada olduğu kimi ölkəmizdə də belə qərarların verilməsi bəzən qaçılmaz olur. Hətta zaman-zaman müəyyən orta məktəblərdə dərslərin müvəqqəti olaraq distant təhsilə qayıtdığının şahidi oluruq. Ümumiyyətlə, ölkəmizdə pandemiya ilə bağlı vəziyyət necədir? Yenidən karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac varmı?

Suallarımızı cavablandıran həkim-pulmonoloq Ramin Nəriman "Şərq"ə açıqlamasında bildirib ki, bu günləri ölkəmizdə koronavirusla bağlı vəziyyət çox qənaətbəxşdir. Həkimin sözlərinə görə, bunun üçün Avropa ölkələrinin statistik göstəricilərinə diqqət etmək kifayətdir: 

"İlk olaraq qeyd edim ki, düzdür, orta məktəblərdə koronavirusa yoluxma halları qeydə alınır. Amma bu, kütləvi xarakterdə deyil.

Yəni bəzi məktəblərdə "Covid-19" aşkarlandığına görə daha da geniş yayılma olmasın deyə profilaktik məqsədlə məktəblər müvəqqəti olaraq bağlanır.  Təbii ki, bu o demək deyil ki, digər məktəblər də bağlanmalıdır.

Azərbaycanda pandemiyaya görə vəziyyət çox qənaətbəxşdir. Yəni müqayisə üçün Avropa ölkələrinin statistik göstəricilərinə baxa bilərsiniz. Yəni bugünkü vəziyyət koronavirusa  görə çox yaxşıdır.

Ona görə də  hansısa sərtləşdirmə tədbirlərinə, karantin qaydalarının ciddiləşdirilməsinə gərək olduğunu düşünmürəm".