Şəmsiyyə Namazlı: "Dövlət məktəblərində sinifdəki şagirdlərin sayı çoxdur"
Paytaxtdakı 106 saylı tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək. Çünki həmin təhsil müəssisəsində 2 nəfər laborant, 1 nəfər uşaq birliyi təşkilatı rəhbəri və 1 nəfər direktor müavininin kovid testi pozitiv çıxıb.
Bu səbəbdən Bakı şəhəri Qaradağ rayonu Gigiyena və Epidemiologiya Mərkəzinin rəyi əsasında məktəbdə əyani tədris prosesi müvəqqəti olaraq dayandırılıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən verilən məlumata görə, bu günə qədər 2 məktəb COVİD-19 səbəbi ilə karantinə bağlanıb.
Mövzu haqqında “Şərq”ə danışan tibb və fəlsəfə elmləri doktoru Şəmsiyyə Namazlı deyib ki, məktəblərin əyani fəaliyyətə başlaması üçün tələsildi:
“Müəllimlərin vaksinasiyasından sonra məktəblərin açılması daha uyğun olardı. Çünki təhsil müəssisələrində geniş sinif otaqları yoxdur. Xüsusilə də dövlət məktəblərində sinifdəki şagirdlərin sayı çoxdur. Onlar dərsdə sıx-sıx əyləşirlər. Əslində isə bir partada bir şagird oturmalıdır. Təbii ki, özəl müəssisələrdə də qayda pozuntuları müşahidə olunur.
Onu da deyim ki, müəllimlər dərsdə tibbi maskalardan istifadə etsə də, tənəffüs zamanı qarışıqlıq yaranır. O zaman sosial məsafənin gözlənilməsi mümkün deyil. Bəzən isə direktorlar dəhlizdə maskasız gəzirlər”.
Ş.Namazlı onu da əlavə edib ki, hamı məktəbə xüsusi maşınla gəlmir. İctimai nəqliyyatdan istifadə edənlər var:
“Avtobuslarda da sıxlıq yaranır. Bu zaman yoluxma da ola bilər. Beləliklə biri digərini yoluxdurur. Bir də bilmirəm, məktəblərdə gigiyena qaydalarına necə əməl olunur, dezinfeksiyaedici maddələr mütəmadi istifadə edilirmi? Bu məsələ də sual altındadır”.