Koronavirus pandemiyası artıq bir ildən çoxdur ki, bəşəriyyətə “gün verib, işıq vermir”. Artıq belə vəziyyət yaranıb: insanlar səhhətlərində bir az nasazlıq hiss edən kimi özlərindən şübhələnir və təcili tibbi yardım çağırırlar.
Redaksiyamıza daxil olan şikayətlərdən biri məhz bu barədədir. İddialara görə, təcili tibbi yardım əməkdaşları vətəndaşın hərarətini ölçüblər. İstilik 37 dərəcə olub. Həkimlər bildiriblər ki, istilik 38 dərəcəyə qalxmayanadək vətəndaşdan koronavirus testi götürülmür. Niyə?! Çox parodoksal vəziyyət deyilmi?! Yəni belə çıxır ki, insanlar səhhətlərindən əmin olmaqdan ötrü xəstələnib, yorğan-döşəyə düşməlidirlər?!
Həkim Zəlimxan Məmmədli bu barədə fikirlərini “Şərq”lə bölüşdü:
“Hərarət obyektiv nəticənin əldə edilməsinə mane ola bilər. Çünki bu zaman antitellərin, anticisimlərin nisbəti dəyişir. Həkimlər bəlkə buna görə test etmək istəməyiblər. Amma 37 dərəcə qızdırma istənilən halda əks-göstəriş deyil. Və heç yerdə yazılmayıb ki, bu adamlardan test götürmək olmaz. Lakin təcili tibbi yardım əməkdaşlarının test götürmək üçün 38 dərəcə qızdırmanın şərt olduğunu demələrinə inanmıram. Məncə, nə isə anlaşılmazlıq var”.