İsrailli xanımın qazimizə dəyər verməsi bizi çox sevindirir


Paşa Qəlbinur göz transplantasiyasından danışıb

İsrailli qadın rəhmətə getmiş həyat yoldaşının gözünün buynuz qişasını Azərbaycan əsgərinə bağışlayıb. 
YAŞAT fondundan verilən məlumata görə, Vətən müharibəsi iştirakçısı, qazimiz Arif Hacıyev məhz bu xeyirxahlığın nəticəsində görmə qabiliyyətini bərpa edib.

Göz transplantasiyası haqqında "Şərq"ə danışan tanınmış oftalmoloq Paşa Qəlbinur qeyd edib ki, bu proses Azərbaycanda keçən əsrdən bəri mövcuddur:

"Keratoplastika, yəni  gözün buynuzlu qişasının köçürülməsi prosesinə keçən əsrin əvvəllərində Rusiyanın Odessa şəhərində dünya şöhrətli  göz xəstəlikləri üzrə alim-akademik V.P. Filatovun xidmətləri və zəhməti əsasında başlanılıb. Həmin dövrdə, təxminən 1917-1920-ci illərdə professor  Sona Vəlixan Azərbaycanda keratoplastika əməliyyatları keçirib və uzun illər bununla məşğul olub. Sona xanımdan sonra elmlər namizədi Bilqeyiz adlı bir  xanım həmin əməliyyatları davam etdirib. Mən də 1982-ci ildən bu günə qədər keratoplastika əməliyyatı edirəm".
Paşa bəy həmçinin  deyir ki, israilli bir xanımın bu cür hərəkəti bizi olduqca sevindirir: "İsrail dövləti müharibənin ilk günündən yanımızdq olaraq bildirmişdi ki, biz Azərbaycanla müharibə edən dövlətə silah satmarıq. Hazırda ordan gələn həkimlərin qazilərimizin müalicəsində iştirak etməsi bizi çox sevindirir. İsrail respublikasının dövlətimizə qarşı bu cür addımları bizim üçün çox dəyərlidir".

Aytac Ali