Professor: “Avropa 3-cü dalğadan danışır, bizdə isə..” – Qapanır?


Karantin qaydalarının yenidən sərtləşdirilməsi, yaxud da yumuşaldılması ilə bağlı məsələlər müzakirə olunur. Ən əsas da rayonlara gediş-gəlişin açılması maraq doğurur. Millət vəkili Fazil Mustafa da Milli Məclisin iclasında bu mövzu haqqında danışıb. Deputat bildirib ki, sağlamlıq üçün epidemioloji vəziyyəti nəzarətə götürmək olar:
“Lakin rayonlara gediş-gəlişi bağlamaq doğru deyil. Bu qadağa aradan götürülsə, şəhərdə tıxac da azalar. Hesab edirəm ki, vaksinasya gücləndirilməlidir”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla məsələni “Sherg.az”a dəyərləndirərkən deputatın fikirlərini təsdiqləyib:

“Hazırda danışılır ki, hansısa qapanmalar ola bilər. Lakin bunun əleyhinəyəm. İndiki epidemioloji vəziyyətdə karantin qaydalarının sərtləşdirilməsinə ehtiyac yoxdur.

Hesab edirəm ki, bayram günlərində qadağaların tətbiq olunması insanların psixologiyasına mənfi təsir göstərə bilər. İkinci  bir tərəfdən, vətəndaşlar özləri də məsuliyyətli olmalıdırlar.

Qapalı məkanda karantin qaydalarına ciddi əməl etməlidirlər. Maarifləndirmə işləri görülməlidir. Əhalinin qaydalara riayət etməsinə ciddi nəzarət olunmalıdır. Bu sahədə xeyli boşluqlar var. Pandemiya dövründə maarifləndirmə işi zəif idi. Ona görə bu məsələyə yenidən qayıtmaq lazımdır. Artıq Avropada 3-cü dalğadan söhbət gedir. Azərbaycanda vəziyyətin necə olacağını bilmirik”.