Ya qaydalara riayət etməli, ya da göz yaşlarımızı silməyə hazır olmalıyıq!

Son günlər bütün ölkəmizdə olduğu kimi Şəkidə də Covid-19-a yoluxanların sayında artım müşahidə olunmaqdadır. 

Səbəblərdən biri kimi əhalinin qaydalara riayət etməməsidirsə, digər əsas səbəb bu xəstəliyin mövsümi olması, xüsusilə mart-aprel aylarında daha sürətlə yayılmasıdır. Bu aylarda təbii ölüm sayının artmasına paralel olaraq yas mərasimlərinın də çoxalması yoluxma riskini daha da artıran əsas səbəblərdəndir. 



Eyni zamanda bayram münasibəti ilə istirahət günlərinin olması və istər paytaxtdan, istərsə də digər rayonlardan Şəkiyə gələn yerlı turistlərın sayının həddən artıq olması, həmin vətəndaşların vırus daşıyıcısı olub-olmaması barədə məlumatların yoxluğu və hazırkı şəraitdə nəzarətin mumkünsüzlüyü də yayılmaya öz təsirini göstərə bilər.  



Yaranmış vəziyyətlə əlaqədar olaraq Şəki Şəhər İH yanında yaradılan Operativ Qərargah tərəfindən koronavirus pandemiyası ilə mübarizə çərçivəsində görülən tədbirlərin gücləndirməsi barədə qərar qəbul edilmiş, xəstəliyin yayılmasına imkan yaradan şərait təhlil edilərək aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilmişdir. 



 
Fəslin dəyişməsi ilə əlaqədar olaraq təbii ölüm hallarının artması və hüzr yerlərində yoluxma riskinin daha çox olması Operativ Qərargahın diqqət mərkəzində saxlanılır, istər şəhərdə, istərsə də kənd və qəsəbələrdə yas mərasimlərinin hazırkı tələblərə uyğun şəkildə keçirilməsinə ciddi nəzarət edilir.
Əhali arasında yoluxma hallarının qarşısının alınması və əhalinin maarifləndirilməsi məqsədi ilə Şəki şəhər İH tərəfindən yaradılmış mobil qrupların üzvləri, gənclərdən ibarət könüllülər, AQTA Şəki regional bölməsi, GEM, Şəki şəhər-rayon Polis şöbəsinin əməkdaşları əhalinin sıx toplaşdığı yerlərdə, market və mağazalarda, ictimai-iaşə obyektlərində, otel və istirahət mərkəzlərində, mərkəzi bazarda mütəmadi reydlər keçirir, sakinlərdən və obyekt sahiblərindən qaydalara riayət etmələri tələb olunur, pozuntular aşkar olunduqda cərimələr tətbiq olunur. Reydlər zamanı vətəndaşlara gigiyena qaydalarına riayət edilməsinin, sosial məsafənin saxlanılmasının vacibliyi, ictimai yerlərdə qoruyucu maskadan istifadə edilməsinin məcburiliyi izah olunur. 



Xəstəliklə aktiv mübarizə aparan təşkilatlardan biri olan Şəki rayon Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) aşkar olunan hər bir xəstə barədə electron qaydada həm Qərargaha, həm də səhiyyə nazirliyinə məlumat verir. Səhiyyə Nazirliyi xətti ilə GEM-ə gətirilən peyvəndlər yerli TƏBİB-ə verilir və GEM əməkdaşları tərəfindən həm peyvəndlərin saxlanmasına, həm də təlimata uyğun olaraq vurulmasına nəzarət edilir. Gün ərzində aşkar olunan xəstəlik ocağları GEM-in əməkdaşları tərəfindən dərhal dezinfeksiya edilir, covid xəstəsi aşkar olunan şəxslərin əlaqələri nəzarətə götürülərək yoxlanılır və onların iş yerləri müəyyənləşdirilək dərhal dezinfeksiya işləri aparılır. Rayon ərazisində bu xəstəlikdən hər hansı bir covid xəstəsi vəfat edərsə, yas mərasimindən dərhal sonra onun yaşadığı mənzil və ya fərdi yaşayış evi dezinfeksiya edilir. Bütün bu tədbirlər Operativ Qərargahın rəhbərliyi tərəfindən koordinasiya edilir, hər hansı bir problem yarandıqda dərhal yerində həll edilir. 



Paralel olaraq şəhərdə Mənzil İstismar Sahəsinin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən xəstəlik aşkar olunan ərazilərdə yerləşən yaşayış binalarının girışləri və pilləkən qəfəsələri, KTİB tərəfindən əsas küçə və prospektlər, parklar dezinfeksiya edilir.
Rayon polis şöbəsi tərəfindən səsgücləndirici quraşdırılmış maşınlar vasitəsilə rayon ərazisində təbliğat aparılır, evdə müalicə aparan CİVİD 19 xəstələrinə ciddi nəzarət edilir, video çəkilişlər aparılır, hüzr yerləri və saat 00.00-dan etbarən ictimai-iaşə obyektləri və restoranların bağlanması nəzarətdə saxlanılır. Eyni zamanda, xüsusi karantin rejimi qaydalarını pozan obyektlərin sahibləri, həmçinin vətəndaşlar barəsində qanunvericilikdə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülür.
AQTA tərəfindən qanunvericiliyin tələblərinə və metodiki göstərişlərin icrasına nəzarət məqsədilə İH, polos şöbəsinin əməkdaşları ilə birlikdə ictimai iaşə obyektlərində mütəmadi olaraq monitorinqlər aparılır, aşkar olunmuş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülür.  



İctimai nəqliyyatın işləməməsi səbəbındən Mərkəzi bazarda əvvəlki günlərə nisbətən sıxlıq olmasa da, İH, polis və bazar rəhbərliyi tərəfindən qaydalara riayət olinması diqqətdə saxlanılır, günorta saatlarından sonra bazar rəhbərliyi tərəfindən ərazidə dezinfeksiya işləri həyata keçirilir və bazardakı vəziyyət barədə Qərargaha gündəlik məlumat verilir.
Ölkəmizdə həyata keçirilən vaksinasiya tədbirləri çərçivəsində əhalinin COVID-19 infeksiyasına qarşı peyvənd olunması prosesi davam etdirilir. Əhalinin peyvəndlənməsi Şəki Rayon Mərkəzi Xəstəxanasının binasında xüsusi olaraq ayrılmış vaksin otaqlarında həyata keçirilir, nəticələr barədə gün ərzində hər saatdan bir Qərargaha məlumat verilir. 
COVID-19 infeksiyasının ötürülmə-yayılma mexanizmi ilə bağlı araşdırılmalarda 3 ötürülmə yolunun daha çox diqqətdə saxlanmasının vacibliyi bildirilir:
I. Virusgəzdiricilik (simptomsuz, “sağlam”). Koronavirusu yüngül formada, yaxud simptomsuz keçirənlər, infeksiyanın ötürülmə halqasında ən potensial təhlükəli qrupudur. Çox zaman məhz bu qrup epidemioloji nəzarətdən kənarda qalmış olur.  
II. Ailədaxili ötürülmə yolu. Hazırda bu yolla yayılma özünü daha çox biruzə verməkdədir;  
III. Xəstəxanadaxili (nozokomial) ötürülmə yolu. 
Hər birimiz bu amilləri nəzərdən qaçırmamalı, bu ağır xəstəliyə özümüzün və ətrafımızın yoluxmanın qarşısını almağa çalışmalıyıq.
Ölkəmizin tanınmış həkimlərinin də fikirlərində qeyd olunur ki, ilk növbədə nəzərə almaq lazımdır ki, bu infeksiya üçün qış-yaz mövsümiliyi səciyyəvidir və daha çox yoluxma məhz mart-aprel aylarına təsadüf edir. Payız-qış aylarında isə, digər kəskin respirator virus infeksiyasının da ona qoşulma ehtimalı artdığından yoluxma riski daha yüksək olur. Həkimlərin fikrini əsas götürsək respublika üzrə yayılma prosesi aprelin sonuna qədər daha da arta bilər. 
Ona görə də,  mövcud şəraitdə hər birimiz üçün yalnız 2 yol var:
- Ya bu müddət ərzində daha diqqətli olmalı, özünümüzü, ailəmizi və yaxınlarımızı qorumalı, 
-ya da ğöz yaşlarımızı silməyə hazır olmalıyıq!   
Seçim özümüzdən asılıdır!!!

                                                                                                             Daşqın Mikayılov