QOCAdan çox geri qaldınız, cənablar!


"Pandemiya dövründə Səhiyyə Nazirliyini təmsil edən bir nəfərin efirdə parlaq çıxışını görmüsünüzmü?"

"Əsl peşəkarların iştirakı ilə sanballı ictimai müzakirələr təşkil edilməlidir. İnsanlara yeni və maraqlı məlumatlar çatdırılmalıdır"
 
"Televiziya efirlərində çıxış edən tibbi mütəxəssislər, professorlar həmin alternativ yolları göstərməli, yeni baxış ortaya qoymalıdırlar"

"Rəsmi statistikalarla özümüzü aldatmaq asandır, real mənzərə isə tam fərqlidir. Əksər həkimlərimiz ictimai dialoqlara, xalqla ünsiyyətə hazır deyil. Ola bilər, işini yaxşı bilir, amma danışıq qabiliyyəti yoxdur"



Son günlər koronavirusa yoluxma sayının artması göstərdi ki, pandemiya ilə mübarizənin və təbliğatın aktuallığı heç vaxt arxa plana keçməməlidir. Bu məsələdə kütləvi informasiya vasitələrinin, xüsusən telekanalların maarifləndirici roluna böyük ehtiyac duyulur. Ancaq koronavirus dövrü sübut etdi ki, başqa sahələrdə olduğu kimi, televiziyalarımızda da boşluqlar mövcuddur. Bəzi istisnalarla əksər kanallarda pandemiya, sağlamlıq mədəniyyəti ilə bağlı ciddi verilişlərin demək olar ki, şahidi olmuruq. İzləyicilər efirlərdən “maarifləndirici proqram” adı altında təhdid, qınama, hətta qeyri-etik ifadələr eşitməyə məcbur qalırlar.

Halbuki, televiziyanın təsir imkanlarını, geniş auditoriyasını nəzərə alsaq, efir məkanı koronavirus və vaksinasiya dövründə insanları bilgiləndirən əsas platforma rolunu oynamalı idi. Fasiləsiz olaraq əhaliyə fiziki sağlamlığı aşılayan verilişlər təqdim olunmalıydı. Bir sıra kanallar televiziyalarda tibbi maarifləndirici verilişlərin reytinq gətirməməsindən gileylənirlər. Ancaq istənilən mövzuda çox maraqlı, eyni zamanda reytinqli verilişlər hazırlamaq mümkündür. Əgər bu tipli verilişlər yüksək reytinq yığa bilmirsə, bu, əhalinin yox, televiziyanın günahıdır. Məsələn, qardaş Türkiyənin efir məkanına diqqət yetirsək, çox fərqli mənzərənin şahidi olarıq. Türkiyə televiziyalarında koronavirusla bağlı mütəmadi baxımlı proqramlar izləyicilərə təqdim olunur. Virusun real təhlükəsi və ondan qorunmağın yollarını əks etdirən verilişlər hazırlanır. Çoxsaylı qonaqların, peşəkar tibb mütəxəssislərinin iştirakı ilə maarifləndirici ictimai müzakirələr aparılır. Hətta serial və film çəkilişlərində belə koronavirusla mübarizəni əks etdirən kadrlara yer verilir. Bizdə isə hansısa verilişə “tibbi ekspert” dəvət edib, 5-10 dəqiqə danışdırmaqla və virusla bağlı gündəlik statistik məlumatı yaymaqla işlərini bitmiş hesab edirlər. 

Mövcud durumu “Şərq”ə dəyərləndirən tanınmış media eksperti, professor Zeynal Məmmədli “Şərq”ə deyib ki, problemin səbəbləri ümumi olduğu üçün məsələyə kompleks yanaşmaq lazımdır. Professorun sözlərinə görə, Türkiyə efirlərində tibb sahəsində çıxışlar edən virusoloqlar, infeksionistlər məşhur mütəxəssislərdir və öz sahələrinin peşəkarlarıdır. Onların harada və necə təhsil aldıqları hamıya məlumdur:

“Əksəriyyəti ya xarici ölkələrin nüfuzlu ali təhsil ocaqlarında, ya da Türkiyənin ixtisaslaşmış tibb universitetlərində təhsil alıblar. Ciddi elmi araşdırmaları var və ən əsası ictimaiyyətlə ünsiyyətin incəliklərinə yaxından bələddirlər. Cəmiyyət qarşısında öhdəliklərini də dərk edirlər. Hamısı da hər cür imkanlarla təmin olunmuş müstəqil şəxslərdir. Bəs bizdə vəziyyət necədir? Tibb Universitetini bitirənlərin, həkim kimi fəaliyyətə başlayanların yaşları adətən neçədir? Qərb təcrübəsinə nəzər salsaq görərik ki, müstəqil həkim fəaliyyəti aşağı-yuxarı 40 yaşlarından sonra başlayır. Həkimliyi başqa peşə sahibləri ilə qarışdırmaq olmaz. Onlara insan taleyi etibar olunur. Avropada həkimlik peşəsinə yiyələnmiş şəxslər 38-40 yaşınadək asistant, yəni həkim yardımçısı kimi çalışırlar. Ancaq Azərbaycanda 32 yaşlı bir gənc çox rahat şəkildə özünü “tibb elmləri doktoru”, “tibb professoru” kimi təqdim edir. İstər-istəməz sual olunur ki, bu gənc nə vaxt belə təcrübə qazandı?! Həkimlik peşəsinin ağırlığını nə zaman hiss etdi?! 

Pandemiya dövründə Səhiyyə Nazirliyini təmsil edən bir nəfərin efirdə parlaq çıxışını görmüsünüzmü? Hamısı dövlət məmuru kimi çıxış edirlər və onların ürkək münasibətləri izləyicilər üçün çox sansıxıcı olur. Halbuki, Türkiyədə səhiyyə naziri Fəxrəddin Qoca şəxsən özü saatbasaat ictimaiyyəti məlumatlandırırdı”. 

Z.Məmmədli vurğulayıb ki, televiziyalarımız maska, sosial məsafə, gigiyenik təmizlik haqda topluma maarifləndirici proqram təqdim edərkən belə özləri qaydaları pozurlar: “Baxırsan, reportaj hazırlayır, ekspertdən müsahibə götürür, amma maska burnundan aşağıdır. Efirlərdə maskanın ölçüləri, keyfiyyəti ilə bağlı doğru və ətraflı bilgilər verilməlidir. Əsl peşəkarların iştirakı ilə sanballı ictimai müzakirələr təşkil edilməlidir. İnsanlara yeni və maraqlı məlumatlar çatdırılmalıdır. Lakin bizim telekanallar insanlara “öyüd-nəsihət” verməklə məşğuldur. Bu yanaşma insanları daha da qıcıqlandırır, koronavirusa olan ümumi münasibətə mənfi təsir göstərir. Nəzərə almalıyıq ki, insanlar monoton həyatdan tez bezirlər, fərqli, alternativ yollar axtarırlar. Televiziya efirlərində çıxış edən tibbi mütəxəssislər, professorlar həmin alternativ yolları göstərməli, yeni baxış ortaya qoymalıdırlar”. 

Ekspert bildirib ki, televiziyada prodüser ideyaları olmalıdır:

“Verilişlər elə hazırlanmalıdır ki, həm yüksək reytinqli olsun, kanala xeyir gətirsin, həm də izləyicilər faydalansınlar. Mühüm məqamlardan biri də proqrama dəvət olunan qonaqların kimliyi, səviyyəsi, nüfuzu ilə bağlıdır. Televiziyalar əvvəlcə efirə çıxaracağı tibb mütəxəssislərinin siyahısını hazırlamalıdır. Onların bilik və bacarığını, peşəkarlığını, danışıq qabiliyyətini öyrənməlidir. O zaman ortaya çıxacaq ki, Azərbaycanda ciddi peşəkar çatışmazlığı var. Rəsmi statistikalarla özümüzü aldatmaq asandır, real mənzərə isə tam fərqlidir. Əksər həkimlərimiz ictimai dialoqlara, xalqla ünsiyyətə hazır deyil. Ola bilər, işini yaxşı bilir, amma danışıq qabiliyyəti yoxdur. Pandemiya müddətində efirlərdə, mediada az-çox virusoloqların açıqlamalarını izləyir, oxuyuruq. Bəs onların harada yetişdiklərini araşdırdıqmı? Peşəkar olduqlarına əmin olduqmu? Əgər həmin “ekspertlər” əcnəbi həkimlərdən, yaxud Səhiyyə Nazirliyindən eşitdikləri rəsmi bəyanatları bizə daha bəsit formada çatdırmaqla məşğuldursa, biz onları necə mütəxəssis kimi qəbul edə bilərik”. 

Z.Məmmədli diqqətə çatdırıb ki, neçə vaxtdır vaksinasiya prosesi gedir:

“Azərbaycanda elmi-tədqiqat qurumları, Mikrobiologiya İnstitutu var. Vaksinasiya ilə bağlı hansı elmi araşdırmaları aparıblar? Əhaliyə nə təqdim ediblər? Heç nə. Qurumlar var, amma ortada əməli fəaliyyət yoxdur. Vaksinlərlə bağlı saysız-hesabsız məlumatlar yayılır, mənfi xəbərlər tirajlanır. İnsanlar da haqlı olaraq çəkinirlər. Camaat bilmək istəyir ki, peyvənddən qabaq insanlar müayinə olunur, ya yox. Kütləvi vaksinasiyada bu prosesin kimlər tərəfindən müəyyən olunduğunu bilmək istəyirlər. Üstəlik, peşəkar həkim çatışmazlığı da var. Televiziyada prodüserlər bütün bu problemləri göz önünə gətirərək veriliş tipini və qonaqları müəyyən etməlidir. Bu, telekanalların həm vəzifə, həm də vətəndaşlıq borcudur”.