Türkiyəli nazir könülü olaraq türk peyvəndi etdirib


Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank bu gün könüllü olaraq yeni növ koronavirusa (COVID-19) qarşı Türkiyə istehsalı olan vaksinlə peyvənd olunub.

Sherg.az APA-ya istinadən xəbər verir ki, prosedur Türkiyə istehsalı olan virusa bənzər hissəciklərə (VLP) əsaslanan peyvəndin insan klinik sınaqlarının Faz-1 mərhələsinin araşdırıldığı Ankara Onkoloji Xəstəxanasında baş tutub.

Nazirlə bərabər Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurasının (TÜBİTAK) sədri Hasan Mandal da bu prosesdə könüllü iştirak edib.

M.Varank bildirib ki, bu prosedura 27 martdan 36 könüllü ilə başlanılıb.

Hazırda "VLP" peyvəndinin Dünya Səhiyyə Təşkilatının (DST) siyahısına düşməyə namizəd olan 4 peyvənddən biri olduğunu deyən nazir bildirib ki, türk peyvəndinin digərlərindən fərqi ondadır ki, bu peyvənd virusun 4 proteinini nəzərə alaraq hazırlanıb: "VLP" peyvəndi çox innovativ bir vaksin olduğu üçün COVID-19-un mutasiyaya uğrayan versiya üçün də yeni növünü hazırlamaq mümkündür. Hazırda alimlərimiz "VLP" peyvəndini Faz-2 mərhələsində Britaniya ştammına qarşı hazırlamaq üçün laboratoriya fəaliyyətlərini davam etdirir".

Bu peyvəndin təkcə Türkiyə vətəndaşlarının deyil, bütövlükdə insanlığa faydalı olacağına ümid etdiyini vurğulayan nazir hazırda 50 milyon türk peyvəndinin istehsalı üçün texniki avadanlıqların mövcudluğunu vurğulayıb: "Vətəndaşlarımıza səslənirəm ki, "VLP" peyvəndindən istifadə üçün könüllü olmağa çəkinməsinlər. İlin sonuna qədər könüllü sayı artarsa, öz peyvəndimizin geniş tətbiqinə başlanılacaq".

Qeyd edək ki, M.Varank və H.Mandal da daxil omaqla türk vaksini ilə peyvənd olunan könüllülər 21 gün sonra vaksinasiyanın ikinci mərhələsini qəbul edəcək.