Rəqəm açıqlandı: “1 maskanı 40 gün taxırlar” – Xəstəlik yaradır

“Hər vətəndaşa, heç olmasa, hər ay 10 maska pulsuz verilməlidir”

“Açıq havada maska taxmaq tələbi ləğv edilməlidir” 


“Keçən ilin mart ayından bu ilin martına qədər ölkədə 77 mln. 600 min tibbi maska satılıb. Ölkə əhalisinin 10 yaşa qədər olan vətəndaşlarının maska taxmadığını- amma məktəblər açıq olanda taxırdılar- nəzərə alsaq, deməli, təqribən, 8,5 mln. əhali il ərzində maska taxmalı idi. Tibbi maskaların hər 2-3 saatdan bir dəyişmək lazım olduğu deyilir. Yəni ölkədə 1 il ərzində hər vətəndaş gün ərzində ən azı 3 maska dəyişməli idi. Deməli, gündə 8,5*3= 25,5 mln. ədəd, ayda 765 mln. ədəd, ildə 80 mln ədəd maska istifadə edilməli idi”.
Bu sözləri iqtisadçı- ekspert, ReAL partiyasının icraçı katibi Natiq Cəfərli deyib.

Məsələ barədə “Sherg.az”a danışan N.Cəfərlinin fikrincə, tələblərə yaradılan şərait üst-üstə düşmür: 

“Bizdə 1 ilə 77,6 mln. maska satılıb. Yəni ilə 1 nəfərə 9 maska düşür. Deməli, orta statistik vətəndaş 40 günə 1 maska istifadə edib. Bu, bilirsiz nə deməkdir?! Maskadan belə istifadə nəinki virusdan qorumur, hətta yeni xəstəliklər üçün şərait yaradır! Əhaliyə pulsuz maska paylanılmalıdır ki, qapalı məkanlarda, nəqliyyatda maska taxmaq həm zəruri, həm də sağlamlıq üçün təhlükəsiz olsun. Hər vətəndaşa, heç olmasa, hər ay 10 maska pulsuz verilməlidir. Camaat polisin, cərimənin qorxusundan və pulsuzluqdan 1 maskanı 40 gün taxır. Bu zülmdür, gələcək böyük sağlamlıq problemlərinin təməlidir. Və açıq havada maska taxmaq tələbi ləğv edilməlidir”!