Türkiyənin Hacəttəpə Universiteti Tibb fakültəsinin Uşaq Yoluxucu Xəstəlikləri kafedrasının professoru doktor Mehmet Ceylan azyaşlılar arasında koronavirusa yoluxma və ölüm hallarının sayının artdığına diqqət çəkib. “Uşaqlarda mutant virusdan öncə ağ ciyər tutulmasına bağlı hallar az görünürdü. Amma indi birbaşa ağ ciyər problemi yaşayan uşaqların sayı artıb.
Əvvəllər uşaqlar koronavirusa yoluxmanı əlamətsiz keçirirdi. İndi isə əlamətlərə bağlı yoluxma faizi də artdı və uşaqlar ətrafdakıları artıq daha çox yoluxdurur. Mutant virusa yoluxma sayı 0-9 yaş arası uşaqlarda yüksəkdir. Professor bildirib ki, indiyədək reanimasiya şöbələri uşaqlarla bu qədər yüklənməmişdi: “Bunun iki səbəbi var.
Birincisi, 65 yaşdan yuxarı insanlar peyvənd olunduqca virusun uşaqlar və gənclər arasında yoluxma halları qabarıq görünməyə başladı. İkincisi, virus, uşaqları və gəncləri yoluxdurma gücünə sahibdir.
Virusda baş verən dəyişiklik yoluxma sayının artmasına səbəb oldu. Pandemiyanın ilk vaxtlarında 1-1,5 metr ara məsafəsi saxlamaq güvənli hesab edilirdi. Virus hissəcikləri bu məsafəni yarıb keçsə də, sayları az olduğundan yoluxdura bilmirdi. Ancaq indi virusun tikanlı quruluşunda baş vermiş dəyişiklik, hətta az sayda hissəciklərlə də yoluxdura bilmək qabiliyyətinə malikdir”.
M.Ceylan qeyd edib ki, koronavirusun İngiltərə ştammı – mutant virus getdikcə orijinal virusu sıradan çıxarır:
“Bizim bütün xəstələrimizdə artıq mutant virus var. Uşaqlarda yoluxma baş verdikdə daha çox xəstəlik yaradır. Məsələn, ağ ciyərlərin tutulması diaqnozlu uşaqlar yaxşılaşmağa başlayır, yüngülləşirlər, lakin birdən təkrar ağırlaşırlar. Bu da yenə virusun xüsusiyyətinə bağlıdır. Ən çox müşahidə edilən hallar boğaz ağrısı, hərarət və öskürəkdir”.
Professor bildirib ki, mutant virusda uşaqlar daha çox yoluxma qaynağıdırlar. Uşaqlar hazırda məktəbə getmir. Lakin virusu ailə üzvlərindən, ya bir-birilərindən “qazanırlar”.
Bəlli yaş həddində olan uşaqlar tibbi maska da taxa bilmir. Bu səbəbdən ara məsafənin 1,5 deyil, 2 metrədək olmasına diqqət edilməlidir. Xəstəliyin hər hansı, kiçik də olsa əlaməti müşahidə edildiyində mütləq həkimə müraciət etmək lazımdır. Professor qeyd edib ki, 3 əczaçılıq firması tərəfindən uşaqlar üçün koronavirus əleyhinə peyvənd hazırlanmasının Faza-1 çalışmalarına başlanılıb. Bəlkə də payızadək işlər tamamlanacaq və uşaqlar da peyvənd oluna biləcəklər.