Azərbaycan səhiyyəsi Türkiyə modelinə yaxınlaşır

Türkiyənin tibbi təcrübəsindən faydalanmaq ancaq xeyrimizə olacaq

İki qardaş ölkə vətəndaşlarının qarşılıqlı şəkildə icbari tibbi sığorta xidmətinə cəlb olunması əsaslı irəliləyişdir

Gələcəkdə Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edəcəklər. "Report" xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Sədrin sözlərinə görə, qardaş Türkiyə ilə səhiyyə sahəsində bir çox layihələr həyata keçirilir:

"Vətən müharibəsində yaralanan qazilərə psixoloji yardımların göstərilməsi üçün icra olunan layihələrin genişləndirilməsi istiqamətində Türkiyə ilə birgə əməkdaşlıqlar olacaq. Bundan başqa, Türkiyə istehsalı olan "TÜRKOVAC" vaksini hazırda 3-cü fazada sınaq mərhələsindədir. Bununla bağlı  Azərbaycan və Türkiyənin səhiyyə qurumları arasında işçi qrupu səviyyəsində görüşlər keçiriləcək". 

Qeyd edilir ki, Türkiyə Cümhuriyyəti Sosial Müdafiə Qurumunun sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev SGK-nın sədri Cevdet Ceylanın rəhbərlik etdiyi nümayəndə heyəti və Türkiyə Cümhuriyyətinin ölkəmizdəki səfiri cənab Cahit Bağcı ilə görüşüb. Nümayəndə heyətində SGK-nın Ümumi Tibbi Sığorta Baş İdarəsinin rəhbəri Gökhan Tuna Öztürk, İdarənin Səhiyyə Xidmətləri departamentinin rəhbəri Eyup Sabri Tezcan, sosial müdafiə ekspertləri Tolga Bal və Yusuf Demirci təmsil olunur. Görüş zamanı Z. Əliyev iki qardaş ölkə arasında əməkdaşlığın bütün istiqamətlərdə olduğu kimi səhiyyə və tibb sahələrini də əhatə etdiyini bildirib:

“Qardaş ölkə həkim mütəxəssislərin müxtəlif ixtisaslar üzrə təhsil almasına, bilik və bacarıqlarının artmasına hər zaman böyük töhfə verir. Bu da əlbəttə ki, səhiyyənin inkişafı ilə yanaşı iki qardaş ölkə arasında əlaqələrin daha da möhkəmlənməsində mühüm rol oynayır”.

 Z.Əliyev qeyd edib ki, Türkiyə ilə Azərbaycan arasında ötən il imzalanan Anlaşma Memorandumu iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacibdir. Öz növbəsində Cevdet Ceylan Türkiyə Respublikasında əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. C.Ceylan əlavə edib ki, öz ölkəsinin sözügedən sahədə əldə etdiyi 10 illik təcrübəsini qardaş ölkə ilə bölüşəcəyindən məmnundur. Qeyd edək ki, Anlaşma Memorandumu çərçivəsində imzalanan 3 illik Fəaliyyət Planının builki mövzusu “İcbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyalarının tətbiqi”dir. 10 fevral tarixinədək davam edən səfər müddətində nümayəndə heyəti mövcud qanunverici baza, qurumların aktual balansları, sığorta haqqının müəyyən edilməsi, həvəsləndirici əlavələrin tətbiqi ilə bağlı məlumat əldə edəcəklər. Fəaliyyət Planının icrası məqsədi ilə görülən tədbirlər çərçivəsində icbari tibbi sığortanın tətbiqinin Türkiyə təcrübəsinə əsaslanaraq təkmilləşdirilməsinə dair təkliflər hazırlanacaq.

Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-infeksionist Mərdan Əliyev Türkiyə və Azərbaycan vətəndaşlarının qarşılıqlı şəkildə icbari tibbi sığortanın tərkibinə aid olan xidmətlərdən istifadə edə biləcəyini əsaslı irəliləyiş adlandırdı:

- Qardaş Türkiyə icbari tibbi sığorta sahəsində böyük təcrübəyə malikdir. Bizim onlardan çox şey öyrənə bilərik. Türkiyə təcrübəsindən faydalanmaq ancaq xeyrimizə olar. Türkiyə 44 günlük Vətən müharibəsində Azərbaycana mənəvi dəstək oldu, müharibədən sonra da qazilərimizin, qəhrəman əsgər və zabitlərimizin müalicəsinə böyük dəstək verdi və bu xeyirxah əmələ yenə də davam edir.  Əgər iki ölkə arasında icbari tibbi sığorta xidmətlərindən qarşılıqlı istifadəyə dair müqavilə olarsa, hər iki ölkə vətəndaşları bu xidmətlərdən yararlana biləcək. 

Məsələn, Azərbaycan vətəndaşı Türkiyə ərazisində olarkən tibbi xidmətə ehtiyacı yaranarsa, tibbi yardım ala biləcək, Türkiyə dövləti hesabına müalicə olunacaq. 

Eyni qayda ilə Türkiyə vətəndaşları da. Lakin burda bir məsələ var; etiraf etməliyik ki, Azərbaycan səhiyyəsi ilə Türkiyə səhiyyəsi arasında yerlə-göy qədər fərq var. Azərbaycan vətəndaşı Türkiyə ərazisində tibbi xidmət göstərmək zərurəti yarandıqda, problem yoxdur, lazımi müayinə və müalicə olunacaq. Amma Türkiyə vətəndaşı Azərbaycanda xəstələnsə və tibbi xidmətə ehtiyacı yaransa o, lazımi tibbi xidmət ala biləcəkmi? Sual budur. Gərək bu şəxs mütləq özəl tibb müəssisəsinə yönləndirilsin. Dövlət tibb müəssisələrini əsassız tərifləməyin yeri yoxdur. Bizdə dövlət tibb müəssisələri gərəkən səviyyədə deyil. Türkiyə-Azərbaycan müştərək tibb müəssisələri icbari tibbi sığorta xidmətinə cəlb edilsə, bu, yaxşı olar. Belədə vətəndaşlar bu müəssisələrə yönləndirilər.