Hər il 65 min uşaq ölür

Dünyada uşaqların yarısı siqaret tüstüsünə məruz qalır

 Siqaretin təkcə onu çəkənlərə deyil, ətrafdakılara – onları passiv siqaret çəkənlər adlandırırlar - zərər vurduğu, siqaret tüstüsünün udulması  səbəbindən tənəffüs yolları xərçənginə yaxalandıqları çoxdan təsdiqini tapıb. Ən dəhşətlisi isə budur ki, zərərçəkənlər arasında azyaşlılar üstünlük təşkil edir. “Şərq” “Haber Türk”ə istinadən xəbər verir ki, Dünya Səhiyyə Təşkilatı hər il 65 min uşağın 5 yaşına çatmamış məhz siqaret tüstüsünün qurbanı olduğunu bildirir. 

Dünya Səhiyyə Təşkilatı  9 fevral tarixini Siqaretdən İmtina Günü elan edib. Siqaret çəkmək erkən ölüm səbəbləri arasında ilk sıradadır. Siqaretin xərçəngin müxtəlif növləri, ürək-damar xəstəliklərinə səbəb olduğu məlumdur. Siqaret çəkənlər bununla ətraflarında olan insanların da həyatını təhlükəyə atır. Dünyada hər il 8 milyondan çox insan tütün məhsullarının istifadəsi səbəbindən, 1,2 milyon insan isə tütün dumanına məruzqalma səbəbindən həyatını itirir. ÜST-ün məlumatına görə, dünyada uşaqların yarısı siqaret tüstüsünə məruz qalır. Təhlükənin qarşısının alınmasında təkcə qapalı ictimai yerlərdə deyil, açıq ictimai məkanlarda və avtomobillərdə də siqaretdən istifadəyə qadağa qoyulması tövsiyə edilir. Son illərdə istehsal edilən elektron siqaret, “tüstüsüz” tütün məhsulları da eynilə siqaret kimi zərərlidir. Tütün məmulatlarından istifadə iqtisadiyyata da ildə 1,4 trilyon zərər vurur.  Koronavirus pandemiyası siqaretdən imtina üçün əsaslı səbəb olsa da, təəssüf ki, gözəntilər özünü doğrultmadı. Siqaret aludəçiləri hətta pandemiyanı də görməzdən gəlirlər və həm özlərini, həm də ətrafdakıları, ailə üzvlərini ölümün qucağına atırlar.