Şahzadə ikinci dəfə koronavirusa yoluxdu


Çarlz karantin altına alınıb və bütün səfərləri, işgüzar görüşləri ləğv edilib

   Böyük Britaniya kraliçası II Yelizavetanın (II Elizabeth) oğlu, 73 yaşlı şahzadə Çarlz ikinci dəfə koronavirusa yoluxub. “Şərq”  “Milliyet.com”a istinadən bildirir ki, şahzadənin koronavirus testinin nəticəsi pozitiv çıxıb. Test nəticəsi müsbət çıxdıqdan sonra şahzadə karantin altına alınıb və bütün səfərləri, işgüzar görüşləri ləğv edilib. Kraliça Yelizaveta taxta çıxmasının 70 illiyini ötən həftə qeyd edib. 70 illik hakimiyyəti ilə bağlı açıqlama yayan kraliça özündən sonra oğlu şahzadə Çarlzın taxt-taxca sahiblənməsini, həyat yoldaşı Kamilanın isə kraliça tituluna yiyələnməsini arzu etdiyini söyləmişdi.

Bununla kraliça həm də əcəli yetişməmiş taxt-tacdan ayrılmayacağına işarə etmişdi. Kraliçanın bu açıqlama ilə Kamilanın qeyri-müəyyən statusuna aydınlıq gətirdiyi də hesab edilir. Məlumdur ki, şahzadə Çarlzın ilk həyat yoldaşı 1997-ci ildə faciəli şəkildə həyatını itirən şahzadə Diana olub. Diananın ölümündən sonra şahzadə Çarlz Kamila ilə evlənib. Kamilanın birinci evliliyindən 2 övladı var. Şahzadə Çarlzdan sonra taxta əyləşəcək varis isə şahzadənin böyük oğlu şahzadə Uilyamdır.