Kral yeməyi 

Qara kürü dəyərində olan dombalanı təlim görmüş itlərin köməyi ilə toplayırlar


   Ona trüfel göbələyi də deyilir. Bildiyimiz, el arasında dombalan adlandırdığımız trüfel göbələyi göbələkkimilər fəsiləsinə aiddir. Fin.az-da yer alan məlumatda bildirilir ki, tərkibindəki vitaminlərə, qidalılıq dəyərinə görə göbələyin qiyməti çox bahadır. Dünyanın lüks restoranlarının menyusuna daxil edilmiş göbələyin kiloqramı 200-3500 avro arasında dəyişir. Qara kürüdən sonra dünyada ən bahalı qida sayılır. Fransız və italyan mətbəxində lider mövqe tutan göbələk bütün yeməklərin hazırlanmasında istifadə olunur, xüsusi dada malikdir. 

Restoranlarda göbələkdən hazırlanmış yeməyin porsiyası 100 avro təşkil edir, bu cür yeməklərə “Kral yeməyi” adı verilib. İnsan sağlamlığına faydaları: tərkibindəki protein, mineral maddə miqdarı baxımından digər göbələkləri qabaqlayır, 76 faiz su, 9 faiz protein, 7 faiz karbohidrat və 8 faiz minerallardan ibarətdir. Peyğəmbərimiz Məhəmməd (s.ə.v) göbələyi şəfa mənbəyi adlandırıb, İbn Sina isə fiziki zəiflik, ağrı və yaraların sağaldılmasında tövsiyə edib. Kosmetika sənayesində də böyük tələbat olan göbələyin illik dövriyyəsi 6 milyard dollardır, ildən-ilə istehsal həcmi aşağı düşdüyü üçün qiyməti getdikcə bahalaşır. Bu gün dünyada cəmi 100 ton bu göbələkdən istehsal olunur, həcminin azalması meşə ərazilərinin yoxa çıxması ilə izah olunur. 

Dünyada göbələyin 70 növü bilinir, lakin “qara almaz” adını almış trüfel göbələyi növünə daha böyük tələbat var. Fransada açıq sahədə artırılaraq kütləvi satışı həyata keçirilir. 

Türkiyədə də artırılması ilə bağlı elmi araşdırmalar aparılır. Türkiyədən söz düşmüşkən, qardaş ölkənin Qırxlareli bölgəsində dombalanı təlim görmüş itlərin köməyi ilə toplayırlar. 

“Milliyet.com” yazır ki, yerli sakinlər trüfel göbələyini toplamaq üçün təlim görmüş itlərlə meşəyə gedir, axtarış aparır, gün ərzində 25-30 kilometr yol qət edirlər. 500 qram göbələk toplansa, bu, 150-800 avro məbləğində qazanc deməkdir. Qırxlareli Kənd təsərrüfatı və Meşə Müdirliyi rəhbəri Mehmet Aksoy AA müxbirinə bildirib ki, trüfel göbələyi yüksək gəlirli olduğundan onun toplanması məqsədilə xüsusu kurslar açacaqlar. 

Fermerlər həm ölkə iqtisadiyyatına, həm də şəxsi büdcələrinə xeyir verəcəklər. M.Aksoy trüfel göbələyinə tələbatın böyük olduğunu, toplanan məhsulun Səudiyyə Ərəbistanı, İngiltərə, Fransaya ixrac edildiyini deyib. 

Göbələk toplamaqla gəlir əldə edən Ziyafət Arslan isə 10 il əvvəl İtaliya və Belçikadan trüfel göbələyinin toplanması üçün xüsusi təlim görmüş Lagotto Romangnolo cinsi 2 it gətirib. Z.Arslan uzun illər İstanbulda özəl xəstəxanada fizioterapevt işləyib. 

Göbələk toplamağa hobbi kimi başlayıb, trüfel göbələyi və onun yüksək gəlirli olduğunu öyrəndikdə isə bunu özünə peşə edib. Həkimlikdən əlini üzüb göbələk biznesinə başlayıb. 15 ildir göbələk toplayır və bundan gəlir əldə edir. Təbii ki, köpəklərinin yardımı ilə.