Xilas yolu:Ağcaqanadların sirri çözüldü 


ABŞ alimlərinə böyük təşəkkür düşür

"Qırmızı, narıncı və qara rəngli libas geyindikdə ağcaqanadlara dəvət göndərmiş oluruq"

   Ağcaqanadlar kimin həyatını zəhərə döndərmir ki! Yuxunun şirin vaxtı qulağımızın dibində eşidilən o dəhşətli vızıltıdan, ertəsi gün isə dərimizdə qançır əmələ gələnədək... Qaşınmadan xilas olmağın yolu tapılıb. Buna görə, əlbəttə, ABŞ alimlərinə böyük təşəkkür düşür. “Milliyet.com” yazır ki, ABŞ-ın Vaşinqton Universitetində aparılan tədqiqat sonucları ağcaqanadlarla mübarizədə qalib gəlməyin yollarını aşkara çıxarıb.

Məlum olub ki, ağcaqanadlar insan dərisindən və insan nəfəsindən havaya buraxılan karbon-dioksidə doğru “yürüyürlər”. Bu zalım həşərat karbon-dioksid qoxusunu sevir. Nə dərimizi dəyişə, nə nəfəs alıb-vermədən yaşaya bilərik. Bəs nə etməli? Alimlər ağcaqanadların iybilmə gücünü tədqiq edib. Bir neçə otağa müxtəlif qoxular yayaraq, həmçinin otaqlarda rəngli parçalar və insan əlinə oxşar əşya qoyaraq ağcaqanadların davranışını izləməyə başlayıblar. “Çoxbilmiş” ağcaqanadlar heç bir qoxuya reaksiya verməyib, “insan əlinə” də yaxın gəlməyib. Alimlər otaqlarda dəyişiklik edib. Otaqlara karbon-dioksid püskürdülüb, yalançı əl əvəzinə də təcrübədə iştirak edən bir nəfər əli aşkar göründüyü halda dayanıb. Bu zaman mənzərə köklü dəyişib. 

Ağcaqanadlar karbon-dioksid qoxusu alaraq rənglərə tərəf hərəkətə keçib. Müəyyən edilib ki, həşəratların gözləri insan dərisindən yayılan siqnalları görür və onlar bu siqnallar vasitəsilə insana tərəf uçur, dəriyə qonaraq qanı sormağa başlayırlar. Bir başqa mühüm tapıntı isə ağcaqanadların məhz qırmızı, narıncı və qara rənglərə tərəf uçmasıdır. Zatən insan dərisinin rəngi də qırmızaya çalır. Bununla da alimlər ağcaqanadların əsasən qırmızı, narıncı və qara rəngli geyimlərdə olan insanları hədəfə aldığını müəyyənləşdirib. Amma yaşıl, bənövşəyi, mavi və ağ rənglər ağcaqanadları cəlb etmir. Bunları nəzərə alaraq xüsusən yay aylarında geyimlərin rəngini düzgün seçmək məsləhətdir.

Qırmızı, narıncı və qara rəngli libas geyindikdə isə ağcaqanadlara dəvət göndərmiş oluruq. İnsan nəfəsi, tər və dərinin temperaturu da ağcaqanadları cəlb edir. Ağcaqanadlardan qorunmaq üçün uzanarkən və ya yatarkən ağ rəngli mələfə və ya hər hansı örtü ilə örtünmək, yaşıl, bönövşəyi, mavi, sarı rənglərdən istifadə etmək lazımdır.