Həkimlər diaqnoz qoya bilmirdilər


57 yaşlı qadın qanında parazit olduğunu özü aşkarladı

   5 il ağrılarla baş-başa qalan 57 yaşlı Frances Maynard qanında parazit olduğunu özü tapıb. İngiltərədə yaşayan Frances Maynard həkim deyil, tiblə yaxından-uaqdan əlaqəsi də yoxdur. Qadın, gül mağazası işlədir. “Şərq” “Milliyet.com”a  istinadən xəbər verir ki, dayanılmaz ağrıları hiss etməyə başladıqda Frances dəfələrlə həkimlərə müraciət edib. Müxtəlif analizlər verib, müayinələrdən keçib, lakin ağrının səbəbini ortaya çıxarmayıb. Qadının həyatı kabusa dönüb. Frances Maynard ağrıların başlanmasını belə xatırlayır:

“Gül mağazam var. Çiçək satıram. 5 il əvvəl yorğunluq hiss etməyə başladım. Yorğunluq getdikcə ağrıya döndü. Həyatım qorxunc şəkil aldı. 2011-ci ildə - Analar Günü ərəfəsində artıq müştərilərə xidmət göstərə bilməyəcəyimi anladım. Ayaq üstə dayana bilmirdim. Evə gəldim  və o gündən sonra mağazaya daha qayıtmadım. Çənəmdə, əllərimdə, ayaqlarımda ağrı vardı. Həkimə getdim, analiz verdim, müayinə olundum. Heç nə tapmadılar. Başqa həkimlərə də getdim. Yenə eyni nəticə. Bu qədər müayinələr, analizlər nəticəsiz qaldı. Həkimlər diaqnoz qoya bilmirdilər.  Nəhayət, ağrılardan bezib özüm qanımı mikroskop altında müşahidə etməyə qərar verdim. Mikroskopla baxmaq mənim uşaqlıq hobbimdi. Mikroskop sifariş etdim”, söyləyən F.Maynard mikroskop altında qanına baxarkən orada yad bir cisim görüb. Bunu həkimə bildirib. Lakin həkim inanmaq istəməyib. Francesin inadı nəhayət həkimi yola gətirib. Qadının qanı yenidən analiz edildikdə qanda parazit olması müəyyənləşib. Və qadına parazitlərin səbəb olduğu strongyloidiasis xəstəliyi diaqnozu qoyulub. Parazitin nədən, haradan qana keçdiyi isə hələ bilinmir. “Bu, məni qorxutdu. Amma sonra özümü ələ aldım. Ən azından ağrıların səbəbini, nəylə mübarizə aparmalı olduğumu artıq bilirdim. 

Çəkdiyim ağrılar ruhi vəziyyətlə əlaqəli deyildi. Halbuki, bundan öncə mənə psixi xəstə kimi baxırdılar”, deyən Frances görünməyən, bilinməyən xəstəliklərdən əziyyət çəkənlərə məsləhət verib: “Tövsiyəm budur ki, ümidsiz olmasınlar və mübarizəni davam etdirsinlər”.