Maska taxmaq ləğv edilir

Fəxrəddin Koca müjdəli xəbəri verdi, Türkiyə normal həyata qayıdır

   Türkiyə koronovirusla mücadilə üzrə Elmi Mərkəzi müşavirə keçirib. Müşavirədə COVİD-19-la bağlı ölkədə son durum, peyvəndləmə prosesinin gedişatı, yoluxma, xəstələr və ölüm sayı barədə mövcud vəziyyət müzakirə edilib. Müşavirədən sonra açıqlama ilə çıxış edən Səhiyyə naziri Fəxrəddin Koca əhaliyə müjdəli xəbər verib: “Həyatın normallaşması üçün artıq son mərhələdəyik. Uca millətimiz əl-ələ verib koronavirusla mücadilə etdi. Yoluxma və ölüm sayında azalma var. Pandemiyanın getdikcə söndüyünü deyə bilərik. 

Elmi Mərkəz tərəfindən mövcud vəziyyət müzakirə edilərək qərara gəlindi ki, açıq havada maska taxmaq zərurəti ləğv edilsin, qapalı məkanlarda əgər havalandırma sistemi yetərlidirsə və fiziki məsafə qaydalarına riayət edilirsə maska taxmaq şərt deyil artıq. 

“HES” kodu tətbiqi də ləğv edilir. Hər hansı bir məkana girişdə HES kodu tələb olunmayacaq. Xəstəlik əlamətləri olmayan insanlardan test götürülməyəcək. Məktəblərdə yoluxma sayı 2-ni keçməzsə, sinif qapadılmayacaq. Yalnız test nəticələri müsbət çıxmış şagird təcrid ediləcək. Pandemiya təsirini itirib. Həqiqət budur. Pandemiyanı gündəmin əsas mövzusu olmaqdan çıxarmalıyıq. Pandemiyada qadağalar, karantin qaydaları ilə mübarizə dönəmindən fərdi qorunma dönəminə keçməliyik.  

Odur ki, maskalardan birdəfəlik əl çəkmirik. Lazım olan anda, təhlükə hiss etdikdə taxmaq üçün yanımızda saxlamalıyıq. Xüsusilə yaşlılar və xroniki xəstələrlə təmasda maska taxılmalıdır”.