Sonsuzluğa son...

Övlad sahibi olmaq istəyənlərə dövlət yardım edəcək

Süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi müsbət addım olacaq

   Azərbaycanda ekstrakorporal (süni) mayalanma dövlət vəsaiti hesabına həyata keçirilə bilər. Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov açıqlama verib. Komitə sədri bildirib ki, süni mayalanma  yaxın vaxtlarda icbari tibbi sığorta üzrə Xidmətlər Zərfinə daxil ediləcək. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev də KİV-ə açıqlamasında qeyd edib ki, sonsuzluğun müalicəsi icbari tibbi sığorta üzrə xidmətlər zərfinə daxil edilə bilər. 

Sonsuzluğun müalicəsi hələki xidmətlər zərfinə daxil edilməyib. Amma bu, gələcəkdə xidmətlər zərfinə daxil ediləcək: “Bu artıq nəzərdə tutulub. Amma uşaqla bağlı hər hansı xəstəliklərin müalicəsi, əməliyyatlar xidmətlər zərfində var”, - deyə Z.Əliyev vurğulayıb.

Məsələ ilə bağlı “Şərq”ə danışan həkim-ginekoloq Fəxranə Hüseynzadə qeyd etdi ki, süni mayalanmanın icbari tibbi sığorta paketinə daxil edilməsi müsbət addım olacaq: 

- Azərbaycan mentalitetində övlad ailənin təməli sayılır. Sonsuzluq problemi ailə dramlarının yaşanmasına, qadın-kişi münasibətlərinin gərginləşməsinə, hətta boşanmalara, ailələrin dağılmasına səbəb olur. Ona görə də dövlətin bu məsələdə ailələrə dəstək olması müsbət addımdır. Ekstrakorporal mayalanma özlüyündə bahalı əməliyyatdır. Molekulyasiya, müxtəlif prosedurlar, dərman preparatlarının qiyməti yüksəkdir. Məlumdur ki, hər ailənin buna maddi imkanı çatmır. Sonsuzluq problemi ilə üzləşmiş ailələr həm də bu səbəbdən övlad sahibi ola bilmirlər. Sonsuzluğun müalicəsinin dövlət proqramına salınması, icbari tibbi sığorta zərfinə aid edilməsi bu mənada, həm övlad həsrətində olan ailələrə sevinc bəxş edəcək, həm də ailələrimizin möhkəmliyinin qorunmasına yardım etmiş olacaq. 

F.Hüseynzadə qeyd etdi ki, süni mayalanma icbari tibbi sığorta paketinə daxil ediləcəyi təqdirdə, bir sıra şərtlərin nəzərə alınması mütləqdir: 

- Yəqin ki, bu problemin həllində bir sıra nüanslar, şərtlər də nəzərə alınacaq. Məsələn, qadınların, yaxud kişilərin yaş həddi, sağlamlıq göstəriciləri, sonsuzluq müddəti nəzərə alınmalıdır. Bu gün evlənib, sabah süni mayalanma ilə övlad sahibi olmaq üçün müraciət edilsin, əlbəttə, bu, yolverilməzdir. Sonsuzluğun müddəti var, ailə həyatının hansı mərhələsində qadın və ya kişi sonsuzluq problemi ilə üzləşir, bunun konkret kliniki göstəriciləri var. Dövlət hesabınadır deyə, kim istədi, süni mayalanma üçün müraciət edə bilməz. Əgər belə olsa, hamı süni mayalanma arzulayar. Rahatdır, pulsuzdur deyə. Bu isə yaxşı hal deyil. Ona görə də bu məsələdə mütləq konkret şərtlər müəyyənləşməlidir. Sonsuzluq tibbi diaqnozdur. Bunun müxtəlif səbəbləri, pataloji hallar mövcud ola bilər. Sonsuzluq xəstəlik deyil, çünki insan həyatına fiziki məhdudiyyət yaratmır. Sağlamlığa təsir etmir. Sonsuzluğun səbəbləri müəyyənləşməlidir ki, nədən baş verdiyi bilinsin və ona qarşı müalicə aparılsın.

F.Hüseynzadə qeyd etdi ki, hazırda dövlət tibb müəssisələrində, yerli polikliniklar, qadın məsləhətxanalarında müayinələr ödənişsizdir. Yeni ailə qurulduqdan 6 ay – 1 il müddətində hamiləlik baş vermirsə, cütlük həkimə müraciət etməli, sonsuzluq problemi olub-olmaması müəyyənləşməlidir: 

- Poliklinikalarda, dövlət xəstəxanalarında müayinə olunmaq, bir sıra analizlərdən keçmək mümkündür. Hansısa xidmət növü dövlət müəssisəsində olmadıqda pasiyentlər özəl tibb müəssisələrinə göndərilirlər. Yaxşı olar ki, gələcəkdə özəl tibb müəssisələrində də məhz sonsuzluq problemi ilə bağlı müraciət edənlərə müayinələr, analizlər ödənişsiz həyata keçirilsin. Ümid edək ki, yaxın zamanda bu xidmətlər də icbari tibbi sığorta paketinə əlavə edilər.