Pandemiya artıq başa çatır

Yaz aylarında "Covid" pasportu tələbi də aradan qaldırılacaq

"Çünki yüksək artım olmayacaq. Çünki əhali arasında kütləvi immunitet var artıq"


“Karantin qaydalarının yumşaldılmasına sevinən əhali yenidən yoluxma təhlükəsiylə üzləşə bilər. Karantin qaydalarının yumşaldılması bizi məsuliyyətdən azad etmir, əksinə, məsuliyyətimizi ikiqat artırır”. Bu fikirləri “Şərq”ə açıqlamasında həkim-infeksionist Mərdan Əliyev bildirdi. İnfeksionist qeyd etdi ki, karantin qaydalarının yumşaldılması, bəzi qadağaların aradan qaldırılması yoluxma sayını artırır: 

- Bu, həqiqətdir. Həmişə belə olur. Karantin qaydaları sərtləşəndə, yoluxma sayı getdikcə azalmağa başlayır. Nə zaman ki, qaydalar yumşaldılır, yoluxma sayında yenə artım baş verir. Pandemiyaların xüsusiyyəti budur. Daimi karantin rejimini saxlamaq mümkün deyil. Müəyyən müddətdən sonra yumşalmalara gedilməlidir. Çünki sərt karantin rejimi sosial, iqtisadi həyatı axsadır. Hökumətlər adətən sərtləşmə və ya yumşalma qərarlarında mövcud vəziyyəti, yoluxma, sağalma nisbətini, riskləri nəzərə alırlar. Nazirlər Kabineti yanında Operativ Qərargahın martın 6-dan etibarən karantin qaydalarının yumşaldılmasıyla bağlı qərarı da əsassız deyil. Yoluxma sayı getdikcə azalır, peyvəndləmə prosesi arzuolunan səviyyədədir, ölüm halları da azalıb, ən əsası kütləvi immunitet artıq formalaşıb. Koronavirusun “Omikron” ştammı yayılmağa başlayanda biz bildirmişdik ki, sürətli yoluxma kütləvi immunitetin daha tez formalaşmasına səbəb olacaq. Artıq bu, müşahidə edilir. Ona görə də karantin qaydalarında bir sıra yumşalmalara gedildi. Amma yumşalmaların ardınca müəyyən dalğalanmalar, yoluxma sayında “qabarmalar”ın olması mümkündür. Bir neçə gündən sonra bunu müşahidə edəcəyik. Lakin bu artım təhlükəli deyil. Çünki yüksək artım olmayacaq. Və təhlükəli vəziyyətə gətirib çıxarmayacaq. Çünki əhali arasında kütləvi immunitet var artıq. 

M.Əliyev bildirdi ki, karantin qaydaları yumşaldılırsa, əhali daha da məsuliyyətli olmalıdır: 

- Toy məclisləri, yas mərasimlərinə icazə verilir, say məhdudiyyəti aradan qalxır və sair. Belə vəziyyətdə hər birimiz ehtiyatlı olmalıyıq. Sıx toplaşmamalıyıq, məclislərdə ünsiyyət zamanı tibbi maskadan mütləq istifadə edilməlidir. Gigiyena qaydalarına əməl edilməlidir, spirtdən istifadə olunmalıdır. Karantin qaydalarının yumşaldılması üzərimizə məsuliyyət qoyur. Elə etməliyik ki, təkrar sərt karantin qaydalarına dönüş baş verməsin. 

M.Əliyev yaxın aylarda karantin qaydalarında növbəti yumşalmalara gedilə biləcəyini də dedi: 

- Mümkündür ki, yaz aylarında "Covid" pasportu tələbi aradan qaldırılsın. Çünki pandemiya artıq sonlanmaq üzrədir. Buna görə də digər məhdudiyyətlər də avtomatik aradan qalxacaq.