Ətrafda qəfil ölümlər dolaşır

Hər kəs normal 8 saat yuxu yatmalıdır

Gənclərin böyük əksəriyyəti yatağa telefonla uzanır, beyinlərini yorurlar

Qəfil ölümlərin sayı niyə artır? Bu sual təsadüfdən yaranmayıb. Son günlərdə bir neçə qəfil ölüm hadisəsinin baş verdiyi bildirilir. Əksəriyyəti də məktəbyaşlı uşaqlar, gənclərdir. Bakının Sabunçu rayonu, 67 saylı orta məktəbin VIII sinif şagirdi Ramal Zaur oğlu Osmanov,  Cəlilabad rayonu, V.Mürsəlov adına Göytəpə şəhər 1 saylı tam orta məktəbin VI sinif şagirdi Bağıyev Elçin Faiq oğlu dərs zamanı anidən vəfat edib. Şagirdlərin ölüm səbəbi hələ dəqiqləşməyib. Paytaxtda isə Azərbaycan Texniki Universitetinin Xüsusi texnika və texnologiya fakültəsinin 4-cü kurs tələbəsi Sona Qarazadə 22 yaşında qəflətən vəfat edib. Universitetdən Lent.az-a verilən məlumatda bildirilib ki, tələbə qəflətən dünyasını dəyişib: “Sona Qarazadənin başında şiş aşkarlanıb. Çox güman ki, xərçəng olub. O, evdə qəflətən vəfat edib”.  Qeyd edilir ki, Sona Qarazadə universitetin əlaçı tələbələrindən idi.

Bir şagird və bir gəncin ölümünə nə səbəb ola bilər? Pediatr Vaqif Qarayev “Şərq”ə açıqlamasında “qəfil ölüm” ifadəsinin yerində işlədilmədiyini dedi: 

- Qəfləti ölüm yalnız körpələrdə olur. Məktəb yaşlı uşaqlarda, eləcə də yeniyetmə və gənclərdə qəfil ölüm ola bilməz. Ölümə səbəb olan amillər mütləq vardır. VI sinif şagirdinin ölüm səbəbi bilinmir, amma gənc qızımızın başında şiş olduğu bildirilib. Bəlkə də aləsindən alınıb bu məlumat. Əgər gənc qızın  başında həqiqətən şiş vardısa, böyük ehtimalla davamlı baş ağrıları, ürək bulanma, qusma, halsızlıq, zəiflik olurmuş. Deməli, şiş o qədər böyüyüb ki, ölümə gətirib çıxarıb artıq. VI sinif şagirdinin də səhhətində görünür, hansısa problemlər varmış, hansısa xəstəliyi varmış. Bəlkə valideynləri bilir, bəlkə də bilməyiblər. Bəzi valideynlər uşağın hansısa xəstəliyi olmasını məktəbdən gizlədir. Amma nahaq yerə. Məktəb bunu bilməlidir. Bütün məktəblərdə hər bir şagirdin xüsusi tibbi kitabçası – “kartoçka”sı olmalıdır. Orada şagirdin səhhəti barədə, hansı xəstəliyi keçirib və ya hansı xəstəliyi var, hamısı qeyd edilməlidir. Bəlkə şagirdin elə bir xəstəliyi var ki, ona idman hərəkətləri etmək, qaçmaq olmaz? Bunu məktəb rəhbərliyi, müəllimlər bilməli və buna uyğun davranmalıdırlar. Orta məktəblərdə tibbi xidmət lazımi səviyyədə deyil. Bu da önəmli məsələdir. Amma valideynin övladının xəstəliyini, səhhət problemlərini gizlətməsi də bir dərddir, valideynin övladının xəstəliyindən xəbərsiz olması da başqa bir dərddir. Hər yaşın özünün tibbi müayinə müddəti var. 1 yaşa qədər uşaqlar hər ay tibbi müayinədən keçirilməlidir. Sonra müayinə müddəti arasındakı fasilə yavaş-yavaş uzanır. Əvvəlcə 3 aydan bir, sonra 6 aydan bir və nəhayət, ildə 1 dəfə müayinə. Profilaktika baxımından tibbi müayinə vacibdir. Əgər konkret xəstəlik varsa, artıq söhbət müalicədən gedəcək. Ən qınanılası budur ki, valideyn övladını həkim müayinəsinə aparmır. Uşağı apar həkimə, bilinsin ki, nəyi var, nəyi yox. Bəzən maddi imkanı səbəb gətirirlər, amma bu, sadəcə bəhanədir. Poliklinikada heç bir həkim uşağın müayinəsinə görə pul tələb etməz. Uşaqları vaxtlı-vaxtında mütləq həkim müayinəsindən keçirmək lazımdır. 

Pediatr həmçinin uşaqların gündəlik rejimi ilə bağlı da valideynlərə xəbərdarlıq etdi: 

- Uşaqlar normal yuxu yatmalıdır. Normal yuxu 8 saatdır. Yataq otağında internet şəbəkəsi varsa, söndürülməlidir. Təəssüf ki, uşaqların, gənclərin böyük əksəriyyəti yatağa telefonla uzanır, telefon yataqda da əllərindən düşmür. Yuxuya getməzdən əvvəl də smartfonları balışın altına qoyurlar. Gecə yarıya qədər telefondakı videoları izləyirlər, mesajlaşırlar. Bütün bunlar beyni yorur. Yorğunluğun özü də orqanizmdə ciddi fəsadlar törədir. Qan dövranını pozur. Ürəyin normal ritminə mənfi təsir edir. Daim valideynlərə məsləhət görürük ki, uşaqları təbii qidalara alışdırsınlar, süni qidalardan uzaq dursunlar. Hansı məktəbin önünə getsəniz, dərsdən çıxan uşaqların əlində “kreker”, “paloçka”, “suxariki”, çipsi görəcəksiz. Sonra da uşağın sağlamlığından gileylənirlər.