Dərmanlar qaraciyəri sıradan çıxarır

Avropanı dəhşətə salan uşaq xəstəliyi Azərbaycanda da müşahidə edilib

Dərman hepatiti qara ciyər çatışmazlığı və qara ciyər serrozu kimi ağır pozulmaların səbəbi ola bilər

Böyük Britaniyanın ardınca, İspaniyada da uşaqlar arasında hepatitin ağır formasına tutulma halları aşkarlanıb. "Bakupost" xəbər verir ki, ÜST bununla bağlı beynəlxalq həyəcan təbili çalır. Qaraciyər mütəxəssisləri bu xəstəliyin mənbəyi, belə sürətlə baş verməsi və uşaqlarda orqan çatışmazlığına gətirib çıxarmasının səbəblərini hələ anlaya bilmirlər. Bəzi xəstələrə hətta təcili qaraciyər köçürülməsi də tələb olunub.

İspaniyada artıq 5 uşaqda belə qəribə vəziyyət yaranıb. “La Razo”nun məlumatına görə, xəstələnənlər 2-7 yaş arası uşaqlardır.  Mütəxəssislər uşaqlarda koronavirusdan sonra qara ciyərin sıradan çıxıb-çıxmaması arasındakı əlaqəni də təhlil edirlər. Böyük Britaniyada təkcə mart ayında 70 uşaqda - 2-5 yaş arası qaraciyərlə bağlı qəribə simptomlar görünməyə başlayıb: ürəkbulanma, qusma, mədə-bağırsaq işində pozulma, sarılıq. Artıq 10 uşağa qaraciyər köçürülməsi barədə qərar verilib. ÜST Britaniya nümayəndəliyi virusun belə aqressiv hücumunun mənbəyini tapa bilmir.
Koronavirusun orqanizmdə bir çox fəsadlar yaratdığı məlumdur. Uşaqlar arasında qaraciyər yetməzliyinə koronavirus səbəb ola bilərmi? 

Təcili Yardım Stansiyasının həkimi, terapevt Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında qara ciyər yetməzliyinin bir neçə səbəbi ola biləcəyini qeyd etdi: 

- Uşaqlar arasında yayılmış xəstəlik, əlbəttə, təəssüf doğurur. Səbəblərə gəlincə, bəli, koronavirusun da təsiri ola bilər, uzun müddət dərman preparatlarının qəbul edilməsinin də. Dərman preparatlarının uzun müddətli qəbulu qanda trombositlərin miqdarının aşağı düşməsinə gətirib çıxarır.  Qara ciyər orqanizmdə müxtəlif funksiyaları yerinə yetirir. Bu funksiyalardan biri orqanizmə düşən toksinlərin və ziyanlı maddələrin zərərsizləşdirilməsidir. Qaraciyərdə xüsusi fermentlər var ki, bu fermentlər ziyanlı maddələri ziyansız maddələrə çevirir. İstənilən dərman preparatı qara ciyərdə zərərsizləşdirilir. Qaraciyərin fermentləri orqanizmə düşən hətta ən ziyanlı dərmanı ziyanı olmayan maddələrə çevirir və daha sonra bu maddələr orqanizmdən xaric olunur. Lakin əgər insan dərmanları uzun müddət ərzində və yüksək dozalarda qəbul edirsə, qara ciyər fermentlərinin öz funksiyalarını tam şəkildə yerinə yetirməyə gücü çatmır artıq. Nəticədə ziyanlı maddələr zərərsizləşdirilmir və qara ciyərdə yığılaraq orqanın hüceyrələrini dağıtmağa başlayır. Bu isə hepatitin inkişafına səbəb olur. Hepatitin bu forması "dərman hepatiti" adlandırılır. Dərman hepatiti qara ciyər çatışmazlığı və qara ciyər serrozu kimi ağır pozulmaların səbəbi ola bilər. Xəstəliyin məhz bu formasına kifayət qədər tez-tez rast gəlinir. Ş.Məmmədov təəssüflə qeyd etdi ki, bizdə də koronavirus pandemiyası müddətində uşaqlar arasında hepatit xəstəliyinin yayılması müşahidə edilib: 
- Bizdə  də belə hallar var. 2-3 uşaqda buna rast gəlinib. Xəstəliyin əsl səbəbini bilmək üçün hepatitin mənşəyi mütləq araşdırılmalıdır.