Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Bu xüsusda tədbirlər çərçivəsində Gəncədə ölmüş heyvan ətini satışa çıxaranlar aşkarlanıb.
Müayinələr nəticəsində ətin qida təhlükəsizliyi sahəsində texniki normativ sənədlərin tələblərinə uyğun olmadığı, köhnə və ölmüş heyvan əti olduğu müəyyənləşib.
Agentlik bir daha qanunsuz heyvan kəsimi həyata keçirib, fəaliyyət göstərən şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
Agentliyin gördüyü tədbirləri "Sherg.az"a dəyərləndirən Azad İstehlakçılar Birliyinin ( AİB ) sədri Eyyub Hüseynovun qənaətincə, AQTA-nın apardığı iş zəruri olsa da, yetərli deyil. Çünki aparılan iş dəryada bir damladır:
"20 ildən çoxdur ki, AİB murdar heyvan ətlərinin kəsilib daşınmasını izləmək istəyir, ardına düşür. At və eşşək əti kəsənlərin ifşasından ötrü iş görür. Dəfələrlə regionlara baş çəkmişik.
Bu sahədə ən uğurlu işi Daxili İşlər Nazirliyinin ( DİN ) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi ( BMCMİ ) reallaşdırır.
Sadəcə cərimə etmirlər, əti ekspertiziyaya göndərirlər, cinayət işi qaldırırlar. Nədənsə, əhəmiyyətli dövlət orqanının gördüyü işi Azərbaycan məhkəmələri yaxşı qiymətləndirmir. Bir müddətdən sonra azadlığa buraxırlar.
Qətiyyən bunun tərəfdarı deyilik. Həmin məhkəmələri izləyəcəm. Belə şəxslər ciddi cəzalanmalıdır. DİN-in uyğun şöbəsinin apardığı işlər məhkəmənin "səyləri nəticəsində" istənilən effekt vermir.
Sovet vaxtı kimsə murdar heyvan əti satardısa, onun nəslində "başına vurardılar" ki, baban murdar heyvan əti satır. Proseslər bələdiyyələrin, sahə müvəkkilərinin, kənd ağsaqqalarının gözü önündə gerçəkləşir.
Ciddi ictimai qınaq lazımdır. Lazımi yerlər məlumatlanmalıdır. Murdar heyvan ətləri sağlam ət məhsulları ilə qarışıb restoranlara, dönərxanalara, hətta uşaq baxçalarına gəlib çıxa bilər. İnsanlar AQTA-ya kömək göstərməlidir. Bu kimi hallar baş verdikdə DİN - in müvafiq şöbəsini və yaxud AQTA-nın 1003 qaynar xəttini məlumatlandırmalıdır".