Şəkidə vətəndaşlar içməli sudan zəhərlənib

Qəsəbədə su xətti yoxdur, əhali içməli suyu maşınlardan alır

"Ola bilsin, əhalinin istifadə etdiyi çirklənmiş su olub.  Nəticədə qastroenterit xəstəliyi yaranıb"

  Şəkidə məcburi köçkünlərin məskunlaşdığı qəsəbədən bir gündə 58 nəfərin xəstəxanaya müraciət etməsinin əsl səbəbi hələ ki, dəqiq bilinmir. Məlumat bundan ibarətdir ki, məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində 41 nəfəri yetkinlik yaşına çatmayan olmaqla, 58 nəfər sakin qusma, qızdırma və islah əlamətləri ilə Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Yardım Bölməsinə müraciət edib. Müraciət edən şəxslərə mənşəyi infeksion hesab edilən qastroenterit diaqnozu qoyulub, onlara ilkin müdaxilə edilib və evə buraxılıblar. Həmin şəxslərin xəstəxanaya müraciət etmələrinin səbəbinin içməli su olduğu ehtimal edilir. Faktla bağlı araşdırma aparılır.

  Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri, əslən Şəkidən olan Mirvari Qəhrəmanlı “Şərq”ə açıqlamasında bölgə ilə əlaqə saxladığını dedi: 

- Belə məlumatlar var ki, həmin qəsəbəyə içməli su maşınlarla gətirilir. Qəsəbədə su xətti yoxdur, əhali içməli suyu maşınlardan alır. Mənə bildirdilər ki, qəsəbədə məskunlaşmış qadınlardan biri maşınla gətirilən içməli sudan zəhərləndiklərini deyirmiş. Amma yenə də bu, bir ehtimaldır. Xəstəxanaya yerləşdirilənlərə qastroenterit diaqnozu qoyulub. Faktla bağlı təhqiqat aparılacaq, hadisənin əsl səbəbi yəqin ki, məlum olar. Sevindirici olan budur ki, ölüm halı olmayıb. 
  M.Qəhrəmanlı qeyd etdi ki, Şəkinin mərkəzinə içməli su xətti yeni çəkilib. Su kanalizasiya təchizatı sistemi yenidən qurulur.  Köçkünlərin məskunlaşdığı qəsəbə şəhər mərkəzindən 14-15 kilometr məsafədədir. Şəkinin qəsəbələrində içməli su problemi həll edilməmiş qalır. 

  Həkim-pediatr Vaqif Qarayev isə “Şərq”ə açıqlamasında suyun çirklənməsinin mümkün olduğunu bildirdi: 

- İçməli suda istənilən xəstəlik törədicisi ola bilər. Su da çirklənə bilir, bakteriyalar ola bilər tərkibində.  Ola bilsin, əhalinin istifadə etdiyi çirklənmiş su olub.  Nəticədə qastroenterit xəstəliyi yaranıb. Ümumiyyətlə, yay fəslində ən çox qida zəhərlənmələri baş verir. Bu da, sanitariya-gigiyena qaydalarına əməl edilməməsi və ərzağın saxlanma qaydalarının pozulmasıyla bağlı olur. Havalar isti keçir, isti havada hər cür bakteriyalar aktivləşir, xəstəlik törədicilər artır. Gərək çalışasan ki, bakteriyaların yayılmasına, çoxalmasına münbit şərait yaranmasın.  İstirahət mərkəzlərində də zəhərlənmə, mədə-bağırsaq sistemində pozulmalar tez-tez baş verir. Çünki qidalanmaya düzgün əməl edilmir. Ərzaqların saxlanma şəraiti normalara uyğun olmur. Şəxsi gigiyena isə xüsusən vacibdir. Uşaq əlləri çirkli olduğu halda qidalanırsa, küçədə anası ona, əllərini yumamış yeməyə nəsə verirsə, bu uşağın zəhərlənməsi, qarın ağrısına düşməsi, ishal baş verməsi, hətta qızdırmasının qalxacağı da tamamilə gözləniləndir. Qida zəhərlənmələrinə barmaqarası baxmaq lazım deyil. Bu, çox ciddi məsələdir.  

  Qeyd edək ki, qastroenterit, yaxud başqa adıyla viruslu qastroenterit kəskin mədə-bağırsaq infeksiyasıdır. Xəstəlik özünü bağırsaq infeksiyalarına xas olan xüsusiyyətlərlə göstərir. Viruslu qastroenterit tərkibində ribonuklein turşusu olan viruslar tərəfindən törədilir. Xəstəliyə hər yaş qrupunda olan adamlarda rast gəlmək olur. Viruslu qastroenterit sporlarla yoluxan xəstəlikdir. Xəstəlik insandan insana hava damcı yolu ilə, bəzən də qida və su vasitəsilə yoluxur. Əksər hallarda xəstə adam onu əhatə edən ailə üzvlərini və ya işlədiyi kollektivi belə yoluxdura bilir. Xəstəliyin inkubasiya dövrü bir-neçə saatdan 3-5 günə qədər olur. Qastroenterit qəfil və kəskin şəkildə başlayır. Ürəkbulanma, qusma, ishal əlamətləriylə başlayır.  Əksər hallarda xəstəliyin əlamətləri gecələr meydana çıxır. Belə ki, xəstəyə qəfil qarın ağrısı, peristaltikada pozulmalar baş verir. Sonra xəstədə tez-tez ishal baş verir, nəcis duru və qanlı olur. Xəstələrdə normal və subfebril qızdırma müşayiət edilir. Xəstənin bağırsağında köp, qaz əmələ gəlir, dilinin üstü ağarmış olur. Orqanizmin suyu azaldıqca nəbz də zəifləyir, arterial təzyiq aşağı düşür. Xəstədə halsızlıq müşahidə edilir, nadir hallarda kəskin ürək-damar çatışmazlığı inkişaf edir və xəstə kollapsa düşür. Xəstənin qarnı gözlə seziləcək qədər şişir və toxunanda ağrıyır, qaraciyər və dalaqda böyümə baş vermir. Uşaqlar xəstəliyi böyüklərə nisbətən daha ağır keçirirlər. Müayinə zamanı xəstənin qanında leykositoz, leykopeniya müşahidə edilir, eozinofillərin miqdarı artır, orqanizmin su ehtiyatı azalır. Müalicə zamanı ilk növbədə xəstənin su balansı normallaşdırılmalı, xəstəyə antibiotiklər, vitaminlər təyin edilməli, simptomatik müalicə aparılmalıdır.