Mədə kiçiltmə əməliyyatı faciə ilə bitdi

20 gün süni nəfəs aparatına qoşulub, lakin oyanmayıb

  Mədə kiçiltmə əməliyyatı 52 yaşlı qadının ölümünə səbəb olub. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, hadisə Türkiyədə, Afyonkarahisar Tibb Elmləri Universitetinin xəstəxanasında baş verib. 2 övlad anası, 52 yaşlı Sərpil Aydəmir mədə kiçiltmə əməliyyatı üçün bu xəstəxanaya müraciət edib. Əməliyyatdan 2 gün sonra qadın xəstəxanadan çıxıb. Evinə qayıtdıqda səhhəti ağırlaşıb və yenidən xəstəxanaya gətirilib. 

2 ay reanimasiya şöbəsində müşahidə altında saxlanıb. Qadının İHA-ya danışan bacısı oğlu Gökhan Kocaman xalasının həkim tərəfindən əməliyyata razı salındığını deyib: “Xalamda iltihablı revmatizma vardı. Amma cərrah-həkim bunun əməliyyat üçün problem olmadığını söyləyərək xalamı yola gətirdi. Daha sonra xalam əməliyyat edildi. Evə gəldikdən 3 gün sonra isə vəziyyəti pisləşdi. Övladları onu xəstəxanaya aparıblar, amma orada ilkin müdaxilə gec başlayıb. Xalam huşunu itirdikdən sonra onu reanimasiya şöbəsinə yerləşdiriblər.  20 gün süni nəfəs aparatına qoşulub, lakin oyanmayıb. 

Həkimdən məlumat almaq istədik, onunla əlaqə yarada bilmədik. Bizimlə əlaqə saxlamadı, məlumat vermədi. Həkim köməkçisi vasitəsilə bizə “qorxmayın, ölüm riski yoxdur” dedi, amma xalam vəfat etdi”. 

Qadın əməliyyatdan sonra evə buraxıldığında ağzından, bağırsağından qan gəlib. Daxili qanaxma başlayıb. Xəstə daxili qanaxmadan həyatını itirib. G.Kocaman xalasının ölümüylə bağlı xəstəxana və həkimdən şikayətçi olduqlarını və məhkəməyə müraciət etdiklərini bildirib. 

Doğmaları qadının həyatının son dəqiqələrini videoya çəkiblər. Videoda qadının qanlar içində olduğu görünür.