Ana südü yoxdursa, çıxış yolu var

Naəlac qalanda körpələrə keçi südü vermək olar

Pediatr: "Uşağın qidalanmasını doğulan gündən 1 yaşına qədər aybaay həkim təyin etməlidir"

  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, pediatr Erkin Rəhimov Azərbaycanda ana südü ilə qidalanma səviyyəsinin aşağı olduğunu bildirib. Pediatr qeyd edib ki, süd verən analarda doğum sonrası depressiya riski çox aşağı olur, südvermə zamanı ifraz olunan hormon sayəsində uşaqlığın yığılması sürətlənir, eyni zamanda, südvermə qadınlarda döş xərçənginin qarşısını alır. Həkim əlavə edib ki, bəzən analar südünün az olmasından şikayətlənirlər: “Amma unutmaq olmaz ki, uşağın mədəsi çox kiçikdir. 10 milli qədər süd varsa belə bu, uşaq üçün olduqca faydalıdır. 

Bəzi miflər var ki, qeysəriyyə əməliyyatından sonra süd gəlmir. Bunun qeysəriyyəyə aidiyyəti yoxdur. Qidalanmaya gəldikdə isə çox yeməkdənsə, sağlam qidalanma və bol maye qəbulu tövsiyə olunandır”. Erkin Rəhimov vurğulayıb ki, 1980-ci illərə qədər ana südü ilə yanaşı, uşaqlara su da verilirdi: “Lakin buna ehtiyac yoxdur. Yeni doğulmuş uşağın mədəsi tez genişlənir. Və doyma hissi tez yarana bilər. Beləliklə, uşaq yeməkdən imtina edə bilər. Ana südünün tərkibi 88 faiz sudan ibarətdir. Ana südünün tərkibində uşaq üçün lazım olan bütün vitaminlər var, təkcə D vitaminindən başqa. Bununla yanaşı, süni qida ilə qidalandırılan uşaqlara da su verməyə ehtiyac yoxdur”.

  Qeyd edək ki, ana südü ilə qidalanmanın aşağı səviyyədə olmasıyla bağlı narahatlıq bundan əvvəl də mütəxəssislər tərəfindən səsləndirilib. Mütəxəssislər hesab edir ki, körpələrin ana südü qidalanmasında hətta əldə edilən 50 faizədək artım da arzuolunan rəqəm deyil. Ana südünün faydası təkcə körpənin sağlam böyüməsiylə bitmir, körpəsinə ana südü verən, döşlə əmizdirən gənc anaları bir sıra təhlükələrdən, xəstəliklərdən qoruyur, ananın sağlamlığına müsbət təsir göstərir. Körpəni ana südü ilə qidalandırma qadınlarda doğuşdan sonrakı mümkün qanaxmaların, anemiyanın yaranma ehtimalını azaldır, süd vəziləri və yumurtalıqları müxtəlif şişlərdən qoruyur, ilk 6 ayda növbəti hamiləlik riskini azaldır. Ana südü ilə qidalanmaya mane olan əsas səbəblərin 98-99 faizi subyektiv (ana südünün çatışmazlığı), 1-2 faizi isə obyektiv səbəblər (hipoqalaktiya) təşkil edir.
  Pediatr Vaqif Qarayev də "Şərq”ə açıqlamasında körpə uşaqlar üçün ən məsləhətli qidanın ana südü olduğunu deyib:
- Bu, birmənalıdır. Ana südü əvəzsizdir. Ananın südü varsa, süni uşaq qidalarından istifadə etmək absurddur. Süni qidalardan yalnız istisna hallarda, ananın südü ümumiyyətlə yoxdursa, körpə anasızdırsa və ona süd anası tapılmırsa, istifadə edilməlidir. Süni qidalar əslində bu məqsədə xidmət etməlidir, amma təəssüf ki, az qala hər gənc ana körpəsini ilk aylarda olmasa da, çox qısa zaman keçdikdən sonra, “südüm azdır, körpə ac qalır, doymur” deyərək süni qidalarla qidalandırmağa başlayır. Düzdür, ananın südü ola-ola, süni qida təklif edən həkimlərimiz var. Bu isə artıq mənəvi cinayətdir. Xüsusən də doğum evlərində südü olan analara belə, süni qidalar məsləhət görürlər. Buna səbəb də həkimlərlə firmaların anlaşmasıdır. Bunu bütün ölkə bilir, gizlətməyin heç bir mənası yoxdur. Amma xoşbəxtlikdən bu tendensiya sistem şəklini almayıb. Gözüaçıq analarımız var ki, haqlı olaraq həkim “məsləhətinə” qulaq asmırlar. Axı ana südü ola-ola körpəni niyə süni qarışıqlarla qidalandırmalıdır?! Elə analar da var ki, özləri körpələrini qidalandırmaqdan imtina edirlər. Belə halda isə ananın daşıdığı məsuliyyət həkiminkindən qat-qat üstündür. Sözün açığı, südü olduğu halda, bunu uşağından əsirgəyən qadına mən ana demirəm. Yalnız o halda uşağa süni qida verilə bilər ki, o, ana südü ilə doymur və ya ananın ümumiyyətlə südü yoxdur.

  V.Qarayevin sözlərinə görə, uşağın qidalanmasını doğulan gündən 1 yaşına qədər aybaay həkim təyin etməlidir: 
- Sözsüz ki, baza yemək həmişə ana südü qəbul olunur. Süd olmayanda isə baza yeməyi olaraq süni uşaq qidaları nəzərdə tutulub. Eyni zamanda, hər ay uşaq böyüdükcə ona əlavə qidalar da verilir ki, bu da ancaq həkim nəzarəti altında olmalıdır. Meyvə şirələri, yumurta sarısı, süzmə, bulyon və sair, bunun hamısını həkim təyin etməlidir. Kənd yerlərində, bölgələrdə bəzən körpəni keçi südü ilə qidalandırırlar. Keçi südünün tərkibi ana südünə çox yaxındır. Amma bu da ana südü deyil və onu tam əvəz edə bilməz. Naəlac qalanda keçi südü vermək olar. Hətta inək südü də verirlər, başqa çarə qalmayanda. 
  Pediatr vurğuladı ki, ana südü ilə qidalanan körpələrin say azlığının əsas səbəblərindən biri anaların hazırlıqsızlığıdır: 
- Ailə planlanması deyilən bir şey var. Hansısa bir cütlük onlara sərf edən bir vaxtda dünyaya uşaq gətirmək istəyir. Onlar həm mənəvi-psixoloji, həm maddi baxımdan sərfəli bir vaxtı gözləyirlər. Cütlük bilir ki, dünyaya gələn uşaq ana südü ilə qidalanmalıdır və onlar mövcud olan bütün nüansları nəzərdən keçirir. Amma bizdə belə bir anlayışı normal qəbul etmirlər. Ailə qurulduqdan cəmi 3 ay sonra bütün ağsaqqal və ağbirçəklər uşağın olub-olmaması ilə bağlı müzakirələr aparırlar. 

Əslində isə gələcək ananı həm hamiləliyə, həm də ana olmağa hazırlamaq lazımdır. Burda isə ailə üzvlərinin, tibb personalının böyük rolu var. Gənc ana üçün hamiləlik bir başqa, doğuş bir başqa psixoloji basqıdır. Ümumiyyətlə, birinci doğuşdan sonra ilk günlərdə ananın südü az ola bilər və o demək deyil ki, ananın südü yoxdur. Bu işdə tibb personalını da günahlandırıram. Doğum evlərində anada süd olmayanda süni qidaya üstünlük verirlər, bu, düzgün yanaşma deyil. Psixoloji olaraq anaya kömək etmək lazımdır ki, qidasına, yuxu rejiminə fikir versin, gərgin həyat tərzi keçirməsin. 

Bəzi məqamları çıxmaq şərti ilə əksər hallarda ananı südvermə prosesinə hazırlamaq lazımdır. Çünki ana hazırlıqsızdır, o bilmir ki, uşağa necə qulluq etmək lazımdır. Əvvəlcə analar bunları bilməli və körpəyə lazımi şəkildə qulluq etməlidirlər.