Məktub gəldi, dünya başlarına yıxıldı


8 yaşlı uşaq ona həyat bağışlayan donoru ilə görüşə bilmədi

  Türkiyənin Adana bölgəsində 2 il əvvəl qan xərçəngi (lösemi) xəstəliyinə tutulan 8 yaşlı Əlif Ayça Arık həkim təyinatı ilə kimyaterapiya kursu keçdikdən sonra ona ilik transplantasiya edilməsi məsləhət görülüb. İlik nəqli üçün 9 donor tapılıb. Donorlardan ən uyğun gələnindən kiçik qıza ilik nəql edilib. “Şərq” “Milliyet.com”a istinadən xəbər verir ki, əməliyyat uğurla keçib və Əlifin səhhəti sürətlə yaxşılaşmağa başlayıb. Vəziyyəti yaxşılaşan, kimyaterapiya kursunda tökülmüş saçları da artıq uzanan Əlif həyatını xilas etmiş insana təşəkkür etmək üçün çəkdiyi rəsmi və yazdığı məktubu Türkiyə Kök-Hüceyrə Koordinasiya Mərkəzi vasitəsilə donoruna göndərib. Əlif məktubunda “mənim super-qəhrəmanım, sənə minnətdaram” sözlərini yazıb. Lakin məktubun göndərilməsindən aylar keçsə də, Əlif cavab almayıb. Valideynləri bunu donorun kimliyini gizli saxlamasıyla əlaqələndirməyə çalışıblar. Bu kimi hallarda donorların adı, kimliyi açıqlanmır, bəzən onlar özləri də kimliklərinin açıqlanmasını arzulamırlar. Lakin Əlifin super-qəhrəmanının üzə çıxmamasının başqa səbəbi varmış. Əlifin ailəsi donora ikinci dəfə, təkrar məktub göndərdikdən sonra həqiqət bəlli olub. 3 ay sonra Əlifə gələn cavabla qızcığaz da, anası da dəhşətə gəlib. Məktubda “necə izah edim, bilmirəm, yaxşımı deyim, pismi, amma qardaşım sizləri görmədən dünya ilə vidalaşdı”, yazılıb. Məktubu Əlifə donor olan insanın qardaşı göndərib və qeyd edib ki, böyük qardaşı qəza nəticəsində həyatını itirib. Kaş ki siz onu tanıya biləydiniz. Biz sizi artıq ailəmizin üzvü kimi qəbul edirik. Anam və atam sizinlə tanış olmaq istəyir, bəlkə bununla övlad acısı azalar. Siz qardaşımdan bir parça daşıyırsınız...” sözləri yazılmış məktubu oxuduqda Əlif və anası bir-birinə sarılaraq göz yaşı töküb. Əlif isə “onu tanımasam da, heç vaxt görməsəm də, çox sevirəm. Bu an qarşımda olsaydı, ona sarılıb təşəkkür edərdim” deyib. Əlifin anası Betül Demirtaş isə “məktubumuza gələn cavabla dünya başımıza yıxıldı. Günlərlə ağladım. 25 yaşlı bir insan həyatına bir insanı həyata bağlayaraq vida etdi. Bu ailəylə tanış olmaq, övladlarının məzarını ziyarət etmək istəyirik” söyləyib və insanları başqa həyatları xilas etmək naminə kök-hüceyrə donoru olmağa çağırıb.