Narkotacirlər hələ ki, pulun gücünə qalibdirlər
“Ağ ölüm”ə qarşı mübarizə aparmaq üçün külli miqdarda vəsait ayrılmalıdır
“Narkomaniya ilə bağlı hər tədbir, təlim və müzakirələrdə illərdir hər dəfə eyni sözlər, eyni mesajlar və əsas da eyni sosial adamlar iştirak edir”. Bu sözləri narkomaniya üzrə ekspert Emil Maqalov deyib.
Narkomaniya ilə bağlı bir dənə də olsun sosioloji tədqiqat olmadığını vurğulayan ekspert "insanlar idmanla məşğul olanda narkomaniyaya aludə olma riski azalır" kimi fikirlər də mifdir: “Bəli, idmanı hardasa asudə vaxtın təşkili kimi qiymətləndirmək olar.
Amma düşünürəm ki, bizdə idman siyasətinin konsepsiyası yanlışdır. İdmanla intellektual səviyyə bir olmalıdır. Məsələn, Sovet dövründə orta məktəblərdə normal oxumayanları idmana buraxmırdılar. Yəni əsas risk qrupları asosial insanların olduğunu nəzərə alıb deyə və görə bilərik ki, narkotika istifadəçilərin çoxunun savadı azdır. Bunları araşdırıb təhlil edib, səciyyəvi qruplara uyğun iş aparılmalıdır.
Yəni narkomaniya ilə bağlı tədbirləri hər hansı bir fəal və öndə olan gənclərə keçməklə, gördüyümüz kimi müsbət nəticə, effekt yoxdur, hətta əksidir.
Narkotacirlərin hər yolla külli miqdarda "pul qazanma" cəhdi bütün dünyada var və hələ ki, pulun gücünə onlar qalibdir. Ümumiyyətlə, mübarizə üçün külli miqdarda vəsait ayrılmalı, aidiyyəti işçilərin əmək haqları artırılmalı və həqiqətən işində məsuliyyətli olan insanlar bu işə cəlb olunmalıdır”.