"Hamı qutu evlərdən çıxıb kənd evlərinə köçməlidir"
Ağa Salamov: "Qıtlıq olmaması üçün bunu etməliyik, çünki yeni dünya düzəninin oyunlarında başda qıtlıq gəlir"
“Nə qədər yeyirsən ye, bir saat sonra yenə acırsan. Marketlərdə ağzına qədər dolu qida məhsulları nə qədər alırsan al, yenə elə bil nəsə çatmır. Heç düşündük ki, görən niyə əvvəlki doyum indi yoxdu?”. Bu sözləri qida məsələləri üzrə mütəxəssis Ağa Salamov sosial şəbəkə hesabında yazıb.
Onun fikrincə, əvvəl yerli və az məhsul olsa da, keyfiyyətli qida var idi və yeyib doyurduq. İndi isə cürbəcür rəngdə və çeşiddə olan məhsullar nə qədər istəsən var, amma qida dəyəri olmadığı üçün, insanlar bu qidaları həzm-rentabeldən keçirdikdən 1-2 saat sonra yenə acırlar: “Bu qida məhsullarından biri də çörəkdir. Bir zamanlar hər evdən və həyət-bacadan çörək qoxusu elə yayılardı ki, uşaqlar da başda olmaqla hamı o çörəyin ətri ilə yuxudan oyanardı. İndi bu ətirli çörəklər təəssüf olsun ki, çox az miqdarda və barmaqla sayılacaq qədər evdə bişirilir. Biz hələ pandemiya dönəmindən də öncə təbliğat aparanda ən çox toxunduğumuz məsələ ev şəraitində hazırlanan yeməklər idi. İndi bütün dünya israfçılığın qarşısını almaq üçün çətin hazırlana bilən yeməklərin trendinə başlayıb. Bura evdə hazırlanan çörəklər də daxildir. Biri var un alıb çörək bişirilə, biri də var əvvəlki kimi buğda əl dəyirmanında üyüdülüb çörək hazırlana.
Evdə bişirilən çörəkdə rüşeym qismi ayrılmır. Zatən bütün mikroelementlər, vitaminlər buğda və çovdarın qabığındadır. Dükandan aldığımız çörəyin qabığı, rüşeym qismi ayrılır “əla növ” un əldə olunur. “Əla növ” undan hazırlanan çörək də zavod çörəyi adlanır. Bu da elmi dildə desək, boş karbohidratdır, heç bir vitamindən və mikroelementlərdən söhbət gedə bilməz”.
Mütəxəssisin sözlərinə görə, gələcəkdə qıtlığı nəzərə alaraq ev dəyirmanları bərpa edilməli, insanların torpağa sevgisi birə-beş artmalıdır:
“İndi ortaya bir sual çıxır ki, əl dəyirmanında hazırlanan çörəklə dükanda satılan çörəyin fərqi nədir? Burda böyük bir fərq var. Birincinin tamında, qoxusunda fərq var. Yəni dükanda satılan çörəklə, evdə çovdarla tam buğda ununun qarışığından hazırlanmış çörək arasında fərq var. Hamı qutu evlərdən çıxıb kənd evlərinə köçməlidir, şəhər anlayışı olmalı deyil. Qıtlıq olmaması üçün bunu etməliyik, çünki yeni dünya düzəninin oyunlarında başda qıtlıq gəlir. Dünyada taxılın qiymətinin artması, müxtəlif müharibələr səbəbi ilə yaranan qıtlığın qarşısını, yalnız yerli istehsal və insanların torpağa bağlı olması aradan qaldıra bilər. Başqa yol isə təəssüf ki yoxdur, çünki bizi yedizdirib bəsləyən və öləndə də ağuşuna alan ana torpaqdır. Beton evlər deyil”.
A.Salamov qeyd edib ki, evdə buğdanın çovdarla üyüdülüb bişirilməsi həm də dietik sayılır:
“Bu çörəyin qida dəyəri o qədər yüksəkdir ki, bir dilimdən artıq yemək olmur. Həmçinin bu, zavod çörəyindən bir az ağır olur”.