Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaq bağçalarında keyfiyyətsiz yemək verilir

Vaqif Qarayev: "Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir"

"İstər dövlət məktəbəqədər müəssisəsi olsun, istərsə də özəl bağçalar, hər yerdə qaydalara riayət edilməlidir"

Uşaqların sağlam fiziki inkişafında qidalanmanın əsas şərt olduğu danılmazdır. Həkimlər, yaşlı nəsil, valideynlər nahaq yerə körpənin ana südü ilə qidalandırılmasını tələb etmir. Hətta Ümumdünya Səhiyyə Təşkilatı da son illər ərzində ana südü ilə qidalanan körpələrin sayında gözəçarpacaq dərəcədə azalma olduğunu bəyan edərək bundan narahatlıq ifadə edir. Körpənin sağlam böyüməsi, sağlam inkişafı üçün ana südü nə dərəcədə vacibdirsə, sonrakı yaş mərhələlərində düzgün və sağlam qidalanma da bir o qədər böyük əhəmiyyət daşıyır. Məlumdur ki, bir çox hallarda valideynlər (işləyən, işləməyən fərqi yoxdur) övladlarını 3, bəzən 2, hətta yaş yarımlıq həddə də uşaq bağçasına qoyurlar. 

Dövlət gələcək vətəndaşlarına sahib çıxır. Lakin uşaq bağçaları dövlətin ayırdığı vəsaiti düzgün istiqamətə yönləndirirmi, bu, bir başqa, amma çox vacib mövzudur. Müsbət olan budur ki, son zamanlar Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi ölkədə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrində davamlı şəkildə yoxlamalar aparır. Ötən ilin sonlarında da yoxlamalar aparılmışdı, bəzi nöqsanlar aşkarlanmışdı və 183 məktəbəqədər təhsil müəssisəsinin rəhbər şəxsləri barədə inzibati qaydada ölçü götürülmüşdü. 

Bu dəfə isə Agentlik 8-12 avqust tarixlərində respublika üzrə fəaliyyət göstərən 18 uşaq bağçasında monitorinqlər həyata keçirib. Agentliyin məlumatında bildirilir ki, monitorinqlər zamanı ümumilikdə 158 nöqsan müəyyən olunub. Aşkar edilmiş nöqsanlarla bağlı 17 uşaq bağçası barəsində inzibati tədbir görülüb. Qeyd edək ki, monitorinqlər zamanı məktəbəqədər təhsil müəssisələrində qidalanmanın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 103 saylı qərarında göstərilən qida normalarına uyğun təşkil edilməsi, qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin yerinə yetirilməsi vəziyyətinin qiymətləndirilməsi, həmçinin yeyinti məhsullarının tədarük prosesi, saxlanılması, daşınması, realizə olunması, markalanması və qablaşdırılmasına dair tələblərə əməl olunub-olunmadığı yoxlanılır. Bununla yanaşı, mütəxəssislər tərəfindən uşaq bağçalarında qida məhsullarının hazırlandığı və saxlanıldığı sahələrin sanitar-texniki və sanitar-gigiyenik normalara uyğunluğuna yerində baxış keçirilir. Müsbət olan həm də budur ki, Agentlik təkcə nöqsanları aşkarlamaqla kifayətlənmir. Monitorinqlərin yekunu olaraq məktəbəqədər təhsil müəssisələrində qidalanmanın düzgün təşkil edilməsinə dəstək məqsədilə həm Bakıda, həm də bölgələrdə fəaliyyət göstərən uşaq bağçaları və körpələr evi rəhbərlərinin və məsul şəxslərin iştirakı ilə təlimlər keçirilir. Bu təlimlər artıq silsilə xarakteri daşıyır. Agentlik eyni monitorinqləri özəl bağçalarda da aparacaq. 

Aktual mövzu ilə bağlı “Şərq”ə danışan pediatr Vaqif Qarayev qeyd etdi ki, məktəbəqədər yaşlı, həmçinin məktəb yaşlı uşaqların sağlam inkişafında qidalanma ən vacib məsələdir: 

- Sağlam qida sağlam fiziki inkişafdır, bu, aksiomadır. Necə ki səhər idmanı, ümumiyyətlə, bədən tərbiyəsi, fiziki hərəkətlər, hərəkətlilik insan sağlamlığının əsas şərti sayılır, eləcə də sağlam və düzgün qidalanma sağlamlığın əsasıdır. Düzgün qidalanma ifadəsini niyə səsləndirirəm, çünki keyfiyyətli ərzaqdan hazırlanmış, sağlam qida ola bilər, amma onu günün elə bir vaxtında, elə bir şəraitdə qəbul edərsən ki, xeyir vermək əvəzinə, ziyan edər. 

Uşaqların qidalanmasına da bu şəkildə diqqət edilməlidir. Uşaqlara mütləq kalorili, vitaminlərlə zəngin, daha artıq dərəcədə lifli qidalar verilməlidir. Belə qidalar mədə-bağırsaq sisteminin normal, düzgün fəaliyyətinə kömək edir, beynin normal çalışmasını təmin edir. Bağçalarda verilən qidalarla bağlı, təəssüf ki, müsbət fikirlər azdır. Uşaqlar da həmişə şikayət edir, bağçadakı yeməyin dadsız olduğunu deyirlər. Ola bilər ki, analar evdə uşaqlar üçün yağlı, duzlu-istiotlu, qızartma yeməklərə daha çox üstünlük verirlər, uşaq da bunlara alışır, bağça yeməyini bəyənmir. Lakin nəzərə almaq lazımdır ki, bağçalarda yeməklər qəbul olunmuş normativlərə əsasən hazırlanır. Sadəcə, bizim balalar ev yeməklərinə öyrəşdiklərindən baçğa yeməyini sevmirlər. 

Amma bağçalarda qida təhlükəsizliyi qaydalarının pozulması, keyfiyyətsiz ərzaqlardan istifadə edilməsi, qidaların saxlanma şəraitinə əməl edilməməsi faktları ortaya çıxır. Bunlar, əlbəttə, aradan qaldırılmalıdır. Uşaq bağçalarına ən sağlam, ən keyfiyyətli ərzaqlar verilməlidir.

 Bağçalarda müəyyən edilən pozuntular əsasən qidaların kalorisinin uşaqların tələbatına uyğun olmamasıyla bağlıdır. Qidanın kalorisi uşaqların yaş qrupuna görə dəyişməlidir. Bunun üçün xüsusi normativ qaydalar var. Bağçalarda buna mütləq əməl olunmalıdır. İkincisi, ən vacib olanlardan biri sanitar-gigiyenik qaydalara əməl edilməsidir. Mətbəxlər gigiyenik normalara uyğun olmalıdır. 

Ərzağın düzgün şəraitdə saxlanmasına əməl edilməlidir. Ərzaq sənaye malları, kimyəvi tozlarla eyni yerdə saxlanmamalıdır. İstər dövlət məktəbəqədər müəssisəsi olsun, istərsə də özəl bağçalar, hər yerdə qaydalara riayət edilməlidir. Çünki uşaqlar, nə qədər şablon səslənsə də, yenə deyəcəyəm ki, bizim gələcəyimizdir. Gələcəyimiz onların sağlam fiziki inkişafına bağlıdır.