Şahvələd Məmmədov: "Ciddi problem civənin orqanizmə daxil olmasıdır"
"Uşaq civəni içdiyi təqdirdə mütləq həkim müdaxiləsi olmalıdır"
Bədən hərarətinin ölçülməsi üçün əksər hallarda civəli termometrdən istifadə edirik. Elektron termometrlərlə müqayisədə civəli olanların daha dəqiq ölçdüyü iddia edilir. Lakin onların mənfi cəhəti də var - bu termometrlər çox asan sınır. Nəticədə termometrin içərisində olan civə çölə axır. Civə və onun birləşmələri insan sağlamlığı və həyatı üçün çox ziyanlıdır.
Məhz bu səbəbdən Avropa ölkələrində civəli termometrlərdən çoxdan istifadə olunmur.
Termometrdən tökülmüş civə dərhal buxarlanmağa başlayır. Bu buxar isə insan orqanizmi üçün çox təhlükəlidir.
Qeyd edək ki, mövzunun aktuallaşması Ağdaş rayonunda baş verən bədbəxt hadisə ilə əlaqəlidir. Rayonun Yuxarı Ləki kəndində azyaşlı uşaq civədən zəhərlənib.
4 yaşlı B.N. adlı uşaq evdə termometri sındırıb və içindəki civəni içərək zəhərlənib. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Həkim terapevt Şahvələd Məmmədovun “Şərq”ə açıqlamasına görə, sınmış termometrin içindən civə dərhal axır və kiçik kürəciklər şəklində ətrafa yuvarlanır. Civə buxarlanaraq nəfəslə orqanizmə daxil olur və orqanizm üçün ciddi təhlükə yaradır:
“Otağın temperaturu yüksəldikcə, civə daha tez buxarlanır. Buna görə də otağın temperaturu mümkün qədər azaldılmalı, qapı-pəncərələr açılmalıdır. Bu, civənin buxarlanmasının intensivliyini azaldır. Civəni yığmaq üçün tozsorandan və ya yaş əskidən istifadə etmək olmaz!
Bu məqsədlə skoç və ya plastrdan istifadə etmək olar. Tez bir zamanda, havada civənin konsentrasiyasını ölçmək və onun qalıqlarını xaric etmək üçün, sanitar-epidemioloji xidmətdən mütəxəssis çağırmaq lazımdır. Civə neyritoksik xüsusiyyətlərə malikdir. Bu o deməkdir ki, civə sinir hüceyrələrini dağıdır. Həmçinin civə ağciyərləri, ürəyi, həzm sistemini zədələyir”.
Həkimin sözlərinə görə, civənin ətrafa dağılması təhlükəli olsa da, udulması qədər ölümcül deyil. Ciddi problem civənin orqanizmə daxil olmasıdır. Civənin orqanizmə daxil olması sayəsində sinir sistemi, qara ciyər, böyrək, mədə-bağırsaq traktı zədələnir”.
Civənin maye şəkilli yeganə metal olduğunu xatırladan ekspert deyib ki, uşaq civəni içdiyi təqdirdə mütləq həkim müdaxiləsi olmalıdır:
“Civə mədə-bağırsaq traktında hər hansı bir yanıq və toksikin təsirindən nekroza səbəb ola bilər və bu da bağırsaqların çürüməsi anlamına gəlir.
Erkən müdaxilə edilib zəhərlənmənin qarşısı alındığı halda həyati risk qalmır. Civə zəhərlənməsinin qarşısını almaq üçün də ilk növbədə antidotdan istifadə olunmalıdır.Civə mədədə çox qalsa, xəstə həyatını itirə bilər. Civə metal olduğu üçün udulduğu anda mədədə həll olmur, sürüşüb bağırsağa düşə və çürüməyə səbəb ola bilir. Belə bir deyim də var ki, “mədə daşı da əridər””.