İndi o qədər xəstəliklər yayılıb ki...

Hər vətəndaş ona xidmət göstərən şəxsin sağlamlığından arxayın olmalıdır

Obliqat qrupunun vaxtaşırı tibbi müayinədən keçməsi mütləqdir

"Çünki onlar əhali ilə, istehlakçı ilə, müştərilərlə daim birbaşa təmasdadırlar. Bu şəxslərin ilkin və dövri tibbi müayinədən keçdiyini təsdiq edən rəsmi sənəd müəssisədə görünən yerdə asılmalıdır"

  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi bir neçə ticarət müəssisəsi və ictimai iaşə obyektində nöqsanlar aşkarlayıb. AQTA-nın məlumatında qeyd olunur ki, Agentlik istehlakçı hüquqlarının qorunması, həmçinin qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir. Agentlik əməkdaşları tərəfindən respublika ərazisində qida sahəsində fəaliyyət göstərən 42 ticarət müəssisəsi və 47 ictimai iaşə müəssisəsində həyata keçirilən monitorinqlər zamanı ümumilikdə 56 müəssisədə nöqsanlar müəyyən olunub.

Bu müəssisələrdə obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi ilə bağlı 51, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu ilə bağlı 40 nöqsan aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb, sahibkarlıq subyektlərinin rəhbərləri inzibati məsuliyyətə cəlb olunublar. Yoxlama nəticəsində paytaxtdakı bəzi restoran və otellərdə, “Sevimli Dad” market, “OBA Market” MMC, “Metro” market, “Sahil Tapdıq” MMC, “Neptun” market, Sumqayıt şəhərindəki “EL” market, həmçinin “Əşya Bazarı” ərazisində çalışan, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçirilməməsi, baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu aşkarlanıb. 

AQTA həmçinin, regionlarda da eyni monitorinqləri həyata keçirib və müxtəlif  bölgələrdə bir sıra müəssisə və ictimai iaşə obyektlərində oxşar nöqsanlar aşkarlanıb. Nöqsanlar aşkarlanmış müəssisə və obyektlərin siyahısı verilib. Məlumatda bildirilir ki, AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.

  Məsələ ilə bağlı “Şərq”ə danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, obliqat qrupu dedikdə müəssisədə, ticarət, ictimai iaşə obyektində çalışan vacib personal – məsələn, aşbaz, xidmət personalı, satıcı, istehlakçı, müştəriylə birbaşa təmasda olan şəxslər nəzərdə tutulur. Bu şəxslərin mütəmadi və ya vaxtaşırı tibbi müayinədən keçməsi mütləqdir. Müəssisələrin yeməkxanasında, restoranlarda, kafelərdə, şadlıq saraylarında, dönərxanalarda, bərbərxana, gözəllik salonlarında çalışanlar vaxtaşırı tibbi müayinədən keçməlidirlər, çünki onlar əhali ilə, istehlakçı ilə, müştərilərlə daim birbaşa təmasdadırlar. 

Bu şəxslərin ilkin və dövri tibbi müayinədən keçdiyini təsdiq edən rəsmi sənəd müəssisədə görünən yerdə asılmalıdır, müştəri bunu görməli və ona xidmət göstərən şəxsin sağlamlığından arxayın olmalıdır: - Təəssüf ki,  bizdə bu məsələlərə çox zaman səhlənkar yanaşılır. Sanitar-gigiyenik qaydalara ciddi riayət edilmir. Xarici ölkələrdə belə məsələlərə ciddi fikir verirlər, çünki adi səhlənkarlıq, məsuliyyətsizlik restoran, kafe sahibinə baha başa gələ bilər. Baha başa gəlmək o demək deyil ki, gəlib onu cərimə edəcəklər, ziyana düşəcək. Cərimə öz yerində, amma sahibkarın əsas itkisi müştəri inamsızlığıdır. Əsl sahibkar müştəriləri itirməkdən qorxmalıdır, vergi və ya qida təhlükəsizliyi agentliyi əməkdaşından deyil. Satış mərkəzində, ictimai iaşə obyektində çalışan işçi heç özü də bilmədən hansısa xəstəliyə yoluxmuş ola bilər. Tibbi müayinədən  keçmək bu mənada ilk növbədə işçinin özünə lazımdır, əgər hansısa xəstəliyi varsa, vaxtında aşkarlansın və müalicə olunsun. Hər bir işçinin tibbi kitabçası olmalıdır və orada vacib müayinələrdən keçməsi haqqında məlumat qeyd olunmalıdır. Və yaxud, baytarlıq şəhadətnaməsi olmayan məhsul istehlakçıya niyə satılmalıdır, niyə satışa çıxarılmalıdır? Bu dəqiqə dünyada bilinən və bilinməyən müxtəlif xəstəliklər, viruslar var. İstehlakçı nə aldığını, nəyə pul xərclədiyini bilməlidir, bu, onun hüququdur. 

  F.İbrahimov bildirdi ki, koronavirus pandemiyasının müsbət tərəfi həm də bu oldu ki, vətəndaşlar peyvənd olundu. Həm də tibbi müayinələrə üstünlük verilməyə başlandı: 

- Amma bu da məlumdur ki, hətta peyvəndləmə kampaniyasında da neqativ hallara yol verildi. Saxta peyvəndləmə sənədləri alanlar oldu. Bu isə artıq vətəndaşın məsuliyyətindən asılıdır. Saxta sənəd almaqla insan ilk növbədə özünü aldadır. Tibbi arayışların, ümumiyyətlə, digər sənədlərin verilməsində məmur özbaşınalığını da vurğulamalıyam. 

Bəzən adi məsələlərdə o qədər yersiz süründürməçiliklər olur ki, vətəndaş məcburiyyət qarşısında rüşvətlə işini həll edir. Adicə avtomobillərə texniki baxış sənədinin alınmasında da bəzən vətəndaş başqa vasitələrə əl atmaq məcburiyyətində qalır. Halbuki, bu işləri, məhz əhalinin, istehlakçının sağlamlığı nəzərə alınaraq rahat və asan həll etmək mümkündür.

 Tibbi müayinələr də lazımi şəkildə, yersiz süründürməçiliklər olmadan icra edilsə, işçilər vaxtlı-vaxtında müayinədən keçər, sənədlərini də rahatlıqla müəssisəyə təqdim edərlər. İşçi də rahat çalışar, istehlakçı da rahat alış-veriş edər, xidmətlərdən istifadə edər.