Payızda yoluxma sayının artacağı gözlənilir

Dərslərin distant formaya keçirilməsi ilə bağlı qərarı Nazirlər Kabineti verəcək

  Yaxın qonşumuz Rusiyada yeni tədris ili başlanıb, onunla birlikdə COVİD-19-un yeni ştamlarına yoluxma sayında hər gün artım qeydə alınır. Qonşu ölkə hökuməti yoluxma sayında artımın davam edəcəyi və vəziyyətin təhlükəli hal alacağı təqdirdə məktəblərdə tədrisin distant formaya qayıdacağını istisna etmir.  Bu gedişlə Rusiyada tədris ilinin başlanğıcına sevinənlərin sevinci uzun sürməyə bilər. Ölkəmizdə koronavirus statistikasında müsbət təzahür ölüm halının qeydə alınmamasıdırsa, yoluxma sayında görünən artım, müəyyən narahatlığa əsas verir. 

Bizdə də yeni tədris ilinin başlanmasına sayılı günlər qalır. Valideynlər bir tərəfdən övladları üçün məktəb bazarlığı edir, bir tərəfdən də dərslərin başlanacağı təqdirdə yoluxma təhlükəsinin artacağından ehtiyatlanırlar. Bu arada təhsil naziri Emin Əmrullayev koronavirusa yoluxma sayının artmasının yeni tədris ilinə təsiri barədə danışıb. Nazir 2021-2022-ci tədris ilində tədrislərin dayandırılmadığını xatırladıb: “Hesab edirəm ki, oxşar model yeni tədris ili üçün əgər koronavirusa yoluxmada say artımı olsa, tətbiq edilə bilər. Təbii ki, bu məsələdə Təhsil Nazirliyi Nazirlər Kabineti yanında Operativ Qərargahın və aidiyyəti dövlət qurumlarının qərarlarına uyğun addım atır. Bugünkü artım sayları əvvəlki dövrlərlə nisbətdə aşağıdır.   Payız mövsümündə yoluxma sayının artması məktəblərin bağlanması ehtimalı məncə az olacaq. Ola bilsin, bəzi siniflər distant tədrisə keçə bilər. Bu da həmin vaxtın göstəricilərindən asılıdır”.

  Həkim-infeksionist Mərdan Əliyev “Şərq”ə açıqlamasında payız mövsümündə yoluxma sayının arta biləcəyini istisna etmədi. Lakin vurğuladı ki, yoluxma sayının artımı dərslərin distant formaya keçirilməsi üçün əsas səbəb deyil: 

- Karantin qaydalarının sərtləşməsi və ya yumşaldılması yoluxma sayındakı və ölüm hallarındakı statistik göstəricilərdən asılı olur. Azərbaycanda o zaman karantin qaydaları sərtləşdi, nə zaman ki ölüm hallarında artım baş verdi. Yoluxma sayında artım ölüm hallarının da artacağı anlamına gəlməməlidir. Çünki indiyədək mütəxəssislər dəfələrlə vurğulayıblar ki, COVİD-19-un yeni ştamları onun özü qədər güclü deyil, ümumiyyətlə, şəklini dəyişmiş viruslar heç vaxt virusun özündən güclü olmur. 

Biz bunu uzun müddətdir müşahidə edirik. “Delta”, “Omikron”, onun yeni variantı BA5 əvvəlkilər kimi yorucu və öldürücü olmadı. Amma əlbəttə, priventiv tədbirlərin görülməsi vacibdir. Məktəblərdə karantin qaydalarına uyğun olaraq gigiyenik vasitələrdən istifadə, şagirdlərin əllərini tez-tez yumaları, sinif otaqlarının dezinfeksiyası, səthlərin mütəmadi təmizlənməsi, şagirdlərin əllərini səthlərə - sinif oturacaqları, tutacqlar və s. sürtdükdən sonra yumaları mütləqdir. Çirkli əllərlə qida qəbul etmək qətiyyən olmaz. Şagirdlər özləri ilə mütləq kiçik su qablarında su götürsünlər. Maye qəbul etmək sağlamlığa müsbət təsir edir.  Yenə də son qərar Nazirlər Kabinetinin olacaq. 

Dərslərin distant formaya keçidiylə bağlı Operativ Qərargah Təhsil Nazirliyi ilə razılaşdırılmış formada qərar verməlidir.  Hələ ki, vəziyyət elə də qorxulu deyil.