"Azərbaycanda körpənin həkim səhlənkarlığının qurbanına çevrilməsi hadisələri çoxalır.
Mənim də ilk övladım həkim səhvi ucbatından tələf olub. Sonrakı analizlər nəticəsində həkimin savadsızlığı üzə çıxdı".
Bunu "Sherg.az"a açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı söyləyib.
O, bildirib ki, məsələnin kökü çox dərindir:
"Əvvəl də, indi də imkanlı ailələrin övladları universitet illərini əyləncə ilə keçirib axırda diplom alırlar. Tanışlıqla, rüşvətlə müvafiq yerlərə işə düzəlirlər. Savadsız həkimlər ən məsuliyyətli işlərdə çalışanda sonu faciə ilə bitir.
Artıq həkimlər pasientlərinə "müştəri" gözü ilə baxır. Maddi məsələ önə keçib. Onları daha çox pul qazanmaq maraqlandırır.
Cəzasızlıq mühitidir. Belə hadisələr yaşananda həkimlər cəzalandırılmır. Halbuki bütün ölkələrdə sərt cəzalar verilir, kompensasiyalar ödənilir, həkim işdən qovulur və s.
Sadaladığım səbəblər bu kimi halların yaşanmasına şərait yaradır".
E.Bayramlının qənaətincə, yaxşı həkimlər bahalı xidmət göstərir, sadə xalqın isə buna imkanı çatmır:
"Ona görə də, məcburən təcrübə və savad cəhətdən "ucuz" qəssabların - həkimlərin əlinə düşürlər. İcbari Tibbi Sığorta sistemi problemlərin aradan qalxmasından ötrü vəziyyəti tənzimləməlidir. Həkimlərin çəkinəcəyi cəza sistemi qurulmalıdır. Belə hadisələrin sosial şəbəkə, media vasitəsilə işıqlandırılması yaxşı haldır.
Faktlar açıqlananda məsələ diqqət çəkməyə başlayır. Həkimlərə qarşı tədbirlər görülməlidir. Valideyn də hər həkimə güvənməməlidir. Elə mühitdəyik ki, hərə öz başına çarə qılmalıdır.
Ümumiyyətlə, səhiyyə sistemində hərtərəfli problemlər mövcuddur".
Qeyd edək ki, Şirvanda körpə həkim səhlənkarlığının qurbanı olub. Körpənin ölümü ilə bağlı cinayət işi başlanılıb, mama-ginekoloq barəsində iltizam qətimkan tədbiri seçilib. Aparılmış araşdırmalarla müəyyən edilib ki, həmin xəstəxanada mama-ginekoloq işləyən Fərqanə Qədirova doğuş prosesinə rəhbərlik etdiyi zaman səhlənkarlıq edib öz işinə vicdansız və laqeyd münasibət göstərməklə doğuşun təbii yolla yekunlaşdırılmasını qüsurla başa çatdırması nəticəsində yeni doğulmuş körpə ölüb.