Yumurtanın tarixini 1 gün sonraya yazıblar! – “Bu işlərə ciddi nəzarət edilmir”



"Malları "ölməz" etmək, onların yararlılıq müddətini uzatmaq istehsalçıların daim diqqətindədir". 
Bu sözləri Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov "Sherg.az"a deyib. O bildirib ki, standartların tələblərini müxtəlif yollarla pozmağa çalışırlar:

"Vaxtı keçmiş məhsulun yararlılıq müddətini artırmaq üçün indiyə nisbətən əvvəllər çox cəhdlər olurdu. Bir neçə professor bir araya gəlirdi. Məni də dəfələrlə dəvət etməklərinə baxmayaraq, 25 il ərzində heç vaxt getmədim. Pul təklifi ilə protokol yazaraq, hər hansı bir məhsulun istifadə vaxtını uzadırlar. 

Yumurtanın tarixinin də 1 gün sonraya yazılması həmin üsullardan biridir. Hətta fevralın 30-da belə məhsul istehsalı hallarına rast gəlmişik.

 Bütün bunlar istehlakçıların hüquqlarının pozulması, aldadılması çabalarıdır. Çox təəssüf ki, dövlət orqanları bu işlərə ciddi nəzarət edə bilmir. Ən yaxşı diqqəti ictimai rəy və media nümayəndələri göstərir. Gərək belə vəziyyətlərdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) yerində monitorinq təşkil etsin. Əməkdaşları malları yoxlasın. 

Müştərilərini itirmək istəməyən mağazalar belə malı istehlakçılara təqdim etməli deyillər. Yumurtaların markalanaraq, satışa çıxarılması müsbət cəhətdir. Böyük əksəriyyəti isə tarix yazılmadan bazara girir. Bu da müəyyən formada tənzimlənməlidir. 7 günə qədər yumurta dietik adlanır. 

Ən yaxşı yumurta hesab olunur. Sonrakı günlərdə isə ona mətbəx yumurtası deyilir. Bəzən nümayişə görə, vitrinə böyük ölçüdə yumurtalar qoyurlar və satış üçün nəzərdə tutulmadığını deyirlər. İstehlakçının isə məhz reklam olunan yumurtanı almaq hüququ var".

Qeyd edək ki, sosial şəbəkələrdə yumurtanın istehsal tarixinin 1 gün sonraya yazılması müzakirələrə səbəb olub və tənqid hədəfinə çevrilib.